Masallı Rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti tədbir gənc könüllülərin təşəbbüsündən irəli gəlirdi. Mövzu bu günümüz üçün çox aktual olan “Narkomaniya, narkobiznes və ona qarşı mübarizə” adlanırdı. Tədbirin təşkili ictimaiyyətin diqqətini narkotik maddələrin insan sağlamlığı üçün yaratdığı təhlükəyə, eləcə də onun vurduğu maddi və mənəvi zərərlərə yönəltmək və zərərli vərdişə qarşı hər kəsi daha aktiv olmağa dəvət etməkdən irəli gəlirdi.
Respublikada COVID-19 pandemiyasına qarşı tətbiq olunan karantin rejiminə əməl edən tədbir iştirakçıları əvvəlcə Vətən, torpaq uğrunda şəhid olan qəhrəman övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı G.Vəkilzadənin narkomaniyanın fəsadları haqqında geniş çıxışı oldu. O dedi: - Narkomaniya ilə mübarizə tədbirlərində hazırkı dövrdə izahat və təbliğat işlərinin aparılması olduqca vacib məsələdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi ilk illərdə ölkədə narkomanlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni dövlət siyasəti səviyyəsinə qaldırmışdı. Strateji kurs hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə aparılır. Dövlət başçısının Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” nın təsdiq edilməsi bu istiqamətdə mübarizəyə geniş imkanlar açır. Dövlətlə bərabər, vicdan olan hər bir kəs sağlam gələcək naminə bu fəlakətə qarşı mübariz olmalıdır.
Mövzu ətrafında danışan könüllülər isə insanların sağlamlıq üçün ciddi təhlükə yaradan narkomaniyanın böyük sosial bəlalardan biri olduğu dedilər, yeniyetmə və gəncləri “narkomaniyaya yox!” deməklə sağlam həyata səslədilər.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü