Abşeron rayonunun Masazır qəsəbəsində çoxmərtəbəli binanın özülü qazılarkən təhlükəsizlik qaydalari kobud şəkildə pozulub. “Qəsr” MTK tərəfindən çoxmərtəbəli yaşayış binasının təməli qazılan zaman qaydalara riayət edilməyib. Nəticədə sakinlərin istifadə etdiyi yol çöküb. Hadisə nəticəsində yaxınlıqdakı evlərə də zərər dəyib.
Həmin ünvanda yaşayan sakinlərin bildirdiyinə görə, ərazidə təhlükəli vəziyyət yaranıb. Sakinlər öz evlərinə gedib-gələ bilmir. Sakinlər onu da qeyd edir ki, binanın təməli təxminən 2 həftədir qazılıb: “Bu iki həftə ərzində heç kim sakinlərin vəziyyəti ilə maraqlanmır. Binanın təməli qazılan zaman təhlükəsizlik qaydalarına əməl edilmədiyi üçün yol çökdü. Yoldan yaranan çat günü-gündən artır. Nəticədə bir neçə evdə də çatlar əmələ gəlib. Evlərdə də təhlükəli vəziyyət yaranıb”.
“MTK rəhbərliyi əraziyə dəvət olunaraq, qısa vaxt ərzində təcili tədbirlərin görülməsi üçün ona xəbərdarlıq edilib”
Məsələ ilə bağlı Abşeron Rayon İcra Hakimiyyətindən bildirildi ki, baş vermis hadisədən xəbərləri var: “Qəsr MTK” tərəfindən, Fövqəladə Hallar Nazirliyindən və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən alınan razılıq əsasında həmin ərazidə qanun çərçivəsində bina inşa olunub. Binanın inşası zamanı şirkət tərəfindən təhlükəsizlik qaydaları kobud şəkildə pozulub. Bununla bağlı RİH-nin Memarlıq və Tikinti şöbəsinin, eləcə də Masazır kənd İcra Nümayəndəliyinin iştirakı ilə həmin ünvana dərhal baxış keçirilib. MTK rəhbərliyi də sözügedən əraziyə dəvət olunaraq, qısa vaxt ərzində təcili tədbirlərin görülməsi üçün ona xəbərdarlıq edilib”.
Günel CƏLİLOVA