"Bu, cəmiyyətlə din arasında qəsdən nifaq salmaq cəhdidir və xüsusilə jurnalistika sahəsi üçün biabırçı haldır". Bu sözləri tanınmış jurnalist, sosial ekspert Rövşən Rəsulov QMİ-nin Qazilər Şurasının nümayəndəsi, ilahiyyatçı Hacı Surxay Məmmədlinin Məhərrəm ayında toy etməklə bağlı dediyi fikirlərinin təhrif olunmasını şərh edərkən deyib.
Jurnalist bildirib ki, artıq media sahəsində təəssüf ki, ənənəvi hal almağa başlayan bu cür təhrifli başlıqlarla bağlı müvafiq qurumlar ciddi ölçülər götürməlidirlər. Hətta Media Haqqında qanunda da bu və bu kimi digər arzuolunmaz amillərin aradan qaldırılması üçün dəyişikliklərinin edilməsinə zərurət duyulur. Artıq qardaş Türkiyədə bu istiqamətdə hazırlanmış təkliflər paketi layihə olaraq parlamentə təqdim olunub və bənzər əməlləri törədən sosial media və eləcə də media mənsublarını 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırıla bilərlər.
"Hacı Surxay gəlincə, şəxsən onu tanıyan, dəfələrlə onunla həmsöhbət olan bir şəxs kimi deyə bilərəm ki, dəyərli Hacımız əsla və heç vaxt bu ifadələri söyləyə bilməz, bu, ümumiyyətlə mümkün deyil", deyən tanınmış jurnalist mətbuatda belə iyrənc yollarla "aypi" qazanmaq dalınca düşən sözdə jurnalistləri "qələmbaz" adlandırıb və bu məsələni qəsdən ortaya ataraq cəmiyyətlə din arasında nifaq salanların məhkəməyə verilmələrinin tərəfdarı olduğunu vurğulayıb: "Vallah, belələrinin "jurnalist" olaraq ortalıqda "at oynatmalarını" görüncə jurnalist peşəsini atıb, gedib başqa işlə məşğul olmaq istəyirsən. İnsan nə qədər başqalarının səhvlərinə, qələtlərinə görə öz sevdiyi peşəsindən utanar?! Bəs deyilmi?! Həmin qələmbazlar sözügedən o müsahibədə elə bir ifadənin səsləndirilməsini göstərə bilərlərmi? Niyə imkan vermirlər ki, cəmiyyətimizin inanclı kəsimi Peyğəmbərimizin sevimli nəvəsinə, ailəsinə olan tükənməz eşqlərini Məhərrəm ayında izhar etsinlər? Nə üçün olmayan bir ifadəni təhrif edib uçurum yaradırlar?! Allahdan heçmi qorxuları yoxdur?! Kim gedib toy etmək istəyirsə etsin, kim gedib şadyanalıq edirsə etsin, buna kimsə qarışa bilməz, amma durub bu məsələdə Hacı Surxay kimi nüfuzlu din adamını, ilahiyyatçının hədəfləmək sözün əsl mənasında heç kişi işi də deyil, insanlıq deyil. Utansınlar, ar etsinlər!"