Bakı şəhərinin böyüməsi və gündən-günə gözəlləşməsi göz önündədir. Körpülərin, nəqliyyat qovşaqlarının, yeraltı və yerüstü keçidlərin tikilməsi sakinlərin rahatlığına və təhlükəsizliyinə, eləcə də yollardakı tıxacların aradan götürülməsinə xidmət edir. Belə təqdirəlayiq işlər təkcə paytaxtda deyil, bölgələrdə də həyata keçirilir.
İndi az qala hər rayon mərkəzində, şəhərdə, qəsəbə və kənddə abadlıq və quruculuq işləri aparılır. Ancaq bu işlərin üzərinə kölgə salan bəzi mənfi amillər də var. Belə hallardan biri də bəzi ərazilərdə təmir olunan yolların yarımçıq qalmasıdır. Bakıxanov qəsəbəsi Bəşir Bünyadov küçəsində təmir olunan yol da müzakirələrə səbəb olub. Məlumatlara görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən təmir-tikinti işi yenicə yekunlaşan 3,1 km-lik yolun bir hissəsində səki tikintisi yarımçıq saxlanılıb. Təmir olunan yolun yarımçıq qalması həmin ərazidən istifadə edən piyadaların narazılığına səbəb olub.
“Sözügedən ərazidə də yaxın müddət ərzində təqdim olunacaq layihə əsasında yeni piyada səkisinin və parkinq zolağının inşası nəzərdə tutulur”
AAYDA-dan bildirildi ki, Bakı şəhəri daxilində küçə və yolların təmiri zamanı yeni piyada səkilərinin inşası, ümumiyyətlə hərəkətin təşkili və təhlükəsizlik məsələləri birbaşa olaraq BNA-nın layihəsi əsasında icra olunur: “Sözügedən ərazidə də yaxın müddət ərzində təqdim olunacaq layihə əsasında yeni piyada səkisinin və parkinq zolağının inşası nəzərdə tutulur. Həmin ərazi ilə bağlı müəyyən dəqiqləşmələr aparılır. Artıq piyada səkisinin inşası davam etdirilir”.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. İcra Hakimiyyətindən bildirildi ki, mövzu ilə bağlı danışacaq şəxs məzuniyyətdə olduğu üçün heç bir fikir bildirə bilməzlər.
Günel CƏLİLOVA