Dünyada avtomobil alış-verişində lizinqdən istifadə artır, Azərbaycanda isə hələlik bu sahə təzə-təzə inkişaf edir. Artıq avtomobil satışı ilə məşğul olan şirkətlər və lizinq təşkilatları bir-birindən fərqli və cazibəli lizinq proqramları hazırlayıb ictimaiyyətə təqdim edir.
Bir sıra ölkələrdə alıcılar avtomobili lizinq yolu ilə əldə etməyə üstünlük verir. Məsələn, Almaniyada lizinq alışı daha populyardır. Almaniya, İsrail, Fransa kimi ölkələrdə il ərzində avtomobillərin 70-80 faizi lizinq yolu ilə satılır.
Azərbaycanda isə lizinq şirkətlərinin sayı təxminən 20-dən yüksəkdir.
Lizinq şirkətlərinin mövcudluğu o deməkdir ki, avtomobilləri kreditlə bərabər lizinq yolu ilə də əldə etmək olar. Lizinq kreditlə müqayisədə daha uzunmüddətlidir və illik faiz dərəcəsi aşağıdır. Lakin bir çox avtosalonlarda müştərilər ən yaxşı halda 5 illik kredit, 19 faiz illik və 20 faiz ilkin ödəniş şərtləri ilə rastlaşır.
O da məlumdur ki, yeni kredit şərtləri kifayət qədər ağırdır və yeni avtomobillər üçün kreditlər onların dəyərindən asılı olaraq 40-50 faiz həcmində ilkin ödənişlə verilir.
Son zamanlar lizinq şirkətləri ilə bağlı səslənən narazılıqların sayı artır. Baş Prokurorluq lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktları ilə bağlı videomüraciət edib. Videomüraciətdə bildirilir ki, son zamanlar ölkə ərazisində lizinq yolu ilə avtomobil alışı zamanı vətəndaşların aldadılması faktlarına çox sıx rast gəlinməkdədir. Vətəndaşlara tövsiyə edilir ki, bu kimi dələduzluq halları ilə qarşılaşmamaları üçün avtomobil alarkən rəsmiləşdirməni qanuna uyğun notarial qaydada etsinlər:
“Müvafiq lizinq şirkətinin qanuni nümayəndəsi olmadan 3-cü şəxslərə hər hansı ödəniş etməyin! Baş Prokurorluq xəbərdarlıq edir ki, qanunamüvafiq qaydada rəsmiləşdirilməmiş avtomobillərin idarəedilməsi yolverilməzdir!” – videomüraciətdə bildirilir.
“Bəzi lizinq şirkətləri vətəndaşlarla notarial şəkildə təsdiq olunmadan maşının satışı ilə məşğul olur”
Məsələ ilə bağlı fiki bildirən hüquqşünas Əkrəm Həsənov qeyd etdi ki, bəzi lizinq şirkətləri vətəndaşlarla notarial şəkildə təsdiq olunmadan maşının satışı ilə məşğul olur: “Vətəndaşları aldadan lizinq şirkətlərinə qarşı sərt addımlar atılmalıdır. Hətta Cinayət Məcəlləsində də qeyd olunur ki, vətəndaşları aldadan bu kimi şirkətlərin fəaliyyəti dayandırıla bilər. Qanunvericilikdə tək şirkətin fəaliyyətinə xitam verilmir, eyni zamanda həmin şirkətin rəhbərliyinin də cinayət məsuliyyətinə cəlb olunması barədə müddəalar var. Vətəndaşlar bilməlidir ki, avtomobil alarkən mütləq onun şəhadətnaməsini əldə etməlidirlər. Bunun üçün imzalanacaq müqavilə notarial şəkildə olmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, lizinq şirkətləri bir çox qaydaları pozur: “Belə ki, lizinq şirkətləri müqaviləni xarici valyuta ilə tərtib edir. Ancaq bu qanunsuzdur. Konstitusiyaya görə, Azərbaycanda yeganə ödəniş vasitəsi manatdır. Mülki Məcəllənin 439-cu maddəsinə əsasən, yerli şəxslər arasında xarici valyuta ilə müqavilə bağlanıla bilməz”.
Günel CƏLİLOVA