TƏBİB-in yaydığı məlumata görə, paytaxtın bir neçə ərazisində səyyar avtobus məntəqələrində peyvəndlənməyə başlanılıb. Qeyd edilənə görə, səyyar vaksinasiya briqadaları bundan sonra mobil avtobuslar vasitəsilə də xidmət göstərəcək.
Yeni xidmət koronavirusa qarşı aparılan vaksinasiya prosesinin daha da sürətləndirilməsinə, vətəndaşların peyvəndə əlçatanlığının təmin edilməsinə necə təsir edəcək, bu üsulun köməyi dəyəcəkmi?
“Səyyar briqadalar az qala insanların qapısının ağzına qədər gedir, bu, yaşlılar, xəstələr üçün xüsusi əhəmiyyət daşıyır, heç yerə getmədən evinin yanında vaksinasiya olunur”
Tanınmış həkim-terapevt Leyla Bayramlı bizimlə söhbətində bildirdi ki, son zamanlar peyvənd xidməti göstərilən xəstəxanaların, tibb ocaqlarının çoxunda növbələr var, əhali müraciətlərinin çox olması növbələr yaradır. Ekspert hesab edir ki, peyvəndlə bağlı böyük növbələrin olması səyyar xidmət zərurətini meydana çıxarıb. Ekspert deyir ki, vətəndaşlar dövlətin yaratdığı bu şəraitdən istifadə etməlidir, peyvənd vurdurmaqdan yayınmamalıdır: “Ölkəmizdə əhalinin koronavirusa qarşı vaksinasiyasına 7 aydır ki, başlanılıb. Amma çox təəssüf ki, bəzi vətəndaşlarımız məsuliyyətsizliyə yol verib vaxtında peyvənd vurdurmayıblar. Sentyabrın 1-dən etibarən bütün iş yerlərində, idarə və müəssisələrdə işçilərdən “COVID-19” pasportu tələb ediləcəyi məlumdur, bu səbəbdən də hər kəs peyvəndlənmək istəyir, nəticədə də növbələr yaranır. İndi növbə gözləyən vətəndaşlar zamanında peyvənd etdirsəydilər rahat olardılar. Həm yoluxma sayının sürətlə artması, həm də sentyabrda tətbiq ediləcək yeni qaydalar vaksin vurdurmaq istəyən vətəndaşların sayını artırıb. Dövlət də bu tələbatı, zərurəti nəzərə alıb və bu səbəbdən də səyyar vaksinasiya briqadaları xidmət göstərir. Səyyar vaksinasiya briqadalarının xidmətə başlaması müsbət haldır və bu, vaksinasiya prosesinin daha da sürətlənməsinə təkan verəcək. Dövlət vətəndaşların sağlamlığı üçün bütün vasitələrdən istifadə edir, vətəndaşlar da vaksinasiya olunmaqla öz sağlamlıqlarını qorumalıdırlar. Səyyar briqadalar az qala insanların qapısının ağzına qədər gedir, bu, yaşlılar, xəstələr üçün xüsusi əhəmiyyət daşıyır, heç yerə getmədən evinin yanında vaksinasiya olunur.
Əslində, Azərbaycanda vaksinasiya əlçatandır, heç bir vətəndaşın bu sahədə problemi yoxdur. Sadəcə növbələr var, bu növbələr də vətəndaşların öz məsuliyyətsizliyi üzündən yaranıb”.
L.Bayramlının sözlərinə görə, vətəndaşlar vaksinasiya prosesində fəal olmalıdır və yaşı çatan, vaksinə qarşı əks göstərişi olmayan hər bir vətəndaş vaksinasiya olunmalıdır. “Ölkələr var ki, vaksin ala bilmir, vətəndaşına ciddi problem yaradır. Yaxud varlılar vaksinasiya olunur, kasıblar kənarda qalır. Amma bizim dövlətimizdə belə bir problem yoxdur, vətəndaşın sağlamlığı üçün hər cür şərait yaradılıb, imkanlar açılıb, peyvəndlər alınıb, vətəndaşlara tətbiq edilir.
Vətəndaşlarımız vəziyyəti ciddi qəbul etməlidir, həqiqətən də çox ağır situasiya ilə qarşılaşmışıq, yoluxanların sayı 4 min nəfəri ötüb. Bu səbəbdən də mütləq şəkildə vaksinasiya olunmalıdırlar”-deyə ekspert qeyd etdi.
İradə SARIYEVA