Bir ildən artıqdır dünyanı bürüyən pandemiya (COVID-19) ölkələri hər gün yeni rəqəmlərlə qarşılaşdırır. 2020-ci ilin martından bugünə qədər, yəni ÜST-ün (Ümumdünya Səhiyyə Təşkilatı) koronavirusun yayılmasını pandemiya elan etməsindən ötən vaxt ərzində dünyada virusa yoluxanların və vəfat edənlərin sayı artır.
Yoluxmanın qarşısını almaq üçün əhalinin peyvənd olunması tövsiyə olunur. Məlumat üçün bildirək ki, Azərbaycanda vaksinasiya prosesesinə yanvar ayından start verilib. Bugünə qədər ciddi əks göstəriş faktı qeydə alınmayıb. Vaksinasiya olunanlar normal, adi həyatlarına, iş prosesinə davam edirlər.
Yenidən qapanmalara və sərt tədbirlərə ehtiyac olmaması üçün ölkədə peyvənd olunanların sayı əhalinin heç olmasa 80 faizini təşkil etməlidir. Bu göstərici kollektiv immunitetin formalaşmasına gətirib çıxaracaq və nəticədə pandemiya bəlasından xilas ola bilərik.
Təəssüf ki, son həftələr virusa yoluxma sayında artım müşahidə edirik. Avqustun 18-də virusa yoluxma pik həddə qalxdı. Belə ki, yoluxma sayı 4000-I keçdi. Bu rəqəm insanlarda qorxu və həyəcanın yaranmasına səbəb olur. Onu da qeyd edək ki, koronavirus əleyhinə peyvənd vurduranların sayı da artır. Maraqlı məqam ondan ibarətdir ki, vaksin olunanların sayı artdığı ərəfədə yoluxma sayı niyə dördrəqəmli səviyyədədir. Araşdırma zamanı məlum olub ki, yoluxanların bəzisinin vaksin pasportu var imiş. Ən maraqlısı isə, həmin şəxslər vaksin pasportunu saxta yolla əldə ediblər.
Bu günlərdə koronavirusa yoluxmuş orta yaşlı bir şəxs ağır vəziyyətdə xəstəxanaya yerləşdirilir. Həkimlər həmin şəxsin vaksin olunduğu halda niyə ağırlaşmasına heyrət ediblər. Sonradan məlum olub ki, həmin şəxs peyvənd olunmayıb, saxta yolla vaksin pasportu alıb. Beləliklə, virusa yoluxma sayı artır.
“Vaksinasiya əhalinin sağlamlığı üçündür, milli təhlükəsizliyimizin, milli genefondumuzun qorunmasına yönələn prosesdir”
Sosioloq Aytəkin Kamranqızı bildirdi ki, vaksinasiya prosesində dövlət hər hansı maddi maraq güdmür. Vaksinasiya əhalinin sağlamlığı üçündür, milli təhlükəsizliyimizin, milli genefondumuzun qorunmasına yönələn prosesdir: “Pandemiyanın tüğyan etdiyi zamanlarda həkimlərimiz fədakarlıq göstərdilər, bəziləri ailəsinin üzünü aylarla görmürdü. İndi isə bəzi həkimlərin xoşagəlməz addımlarını görürük, bu, tibb adına ləkədir”
Həmsöhbətimiz onu da əlavə etdi ki, saxta vaksin pasportu verən şəxslərlə bağlı sərt tədbirlər görülməlidir: “Yaxşı olar ki, həmin şəxslərin diplomu ləğv edilsin. Araşdırma zamanı məlum olub ki, son zamanlar virusa yoluxanlar arasında saxta yolla vaksin pasportu əldə edən şəxslər var. Bu şəxslər öz həyatları ilə yanaşı, ətrafındakı insanların da sağlamlığını risqə atırlar”.
Günel CƏLİLOVA