Qədim Gəncə şəhərinin Cavadxan qəsəbəsinin sakinləri sosial problemlərin həll olunmamasından əziyyət çəkir. Sakinlər bildirir ki, illərdir marşrut xəttinin və məktəb binasının olmaması onların həyat şəraitini daha da çətinləşdirib.
Məlumat üçün bildirək ki, adıçəkilən yaşayış massivində təxminən on mindən çox əhali yaşayır.
Qəsəbə sakinləri marşrut keçən yerə çatmaq üçün kilometrlərlə yolu piyada, ya da taksi ilə getmək məcburiyyətində qalır.
Əhalinin problemi tək nəqliyyatla bitmir. Belə ki, qəsəbədə məktəb binası yoxdur. Sakinlərin bildirdiyinə görə, qəsəbədə yaşayanlar uşaqlarını şəhər mərkəzinə məktəbə göndərmək məcburiyyətində qalır.
“İstismar müddəti bitmiş, yararsız vəziyyətdə olan məktəblər və ya heç olmayan tədris ocaqları modul tipli məktəblərlə əvəz edilərsə daha yaxşı olar”
Məsələ ilə bağlı fikir bildirən sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, bölgələrdə rayon daxilində marşrut problemləri var. Bəzi kəndlərdən rayon mərkəzinə avtobus işləmədiyinə görə sakinlər taksilərdən istifadə etmək məcburiyyətində qalır: “Hər gün işə gedib-gələn adamın taksidən istifadə etməsi onun büdcəsinə sərf etməz. Aidiyyəti qurumlar bu məsələni nəzarətdə saxlamalıdır. Tək Gəncə şəhərinin Cavadxan qəsəbəsində deyil, bütün bölgələrdə bu problem yaşanır. Marşrut bir kəndə qədər gəlir, qonşu kəndin sakinləri ictimai nəqliyyatdan istifadə etmək üçün nə qədər yolu piyada getməlidirlər”.
Adıçəkilən qəsəbədə məktəb binasının olmamasına gəlincə, həmsöhbətimiz qeyd etdi ki, 10 min əhalisi olan yaşayış massivində tədris ocağının olmaması təəssüf doğurur: “Danılmaz faktdır ki, bu gün ucqar bölgələrdə məktəb yoxdur. Ucqar bölgələrdə olan istimar müddəti bitmiş, yararsız vəziyyətdə olan məktəblər və ya heç olmayan tədris ocaqları modul tipli məktəblərlə əvəz edilərsə daha yaxşı olar”.
Günel CƏLİLOVA