Ölkəmizdə hər il yol infrastrukturunun möhkəmləndirilməsinə, yenidənqurulmasına büdcədən milyonlarla vəsait ayrılır. Çünki yol tikintisi birbaşa gəlir gətirən sahə olmasa da, dolayısı ilə iqtisadiyyatın inkişafına töhfə verir.
Son zamanlar paytaxt Bakıda bir neçə yol çökməsi hadisəsi ilə qarşılaşmışıq. Hətta 1 yolun 2 dəfə çökməsinin belə şahid olmuşuq.
Bu günlərdə Binəqədi rayonunda yol təmir olunsa da, yenidən yararsız vəziyyətə düşüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Bildirilib ki, üç aydır yararsız vəziyyətdə olan yolla bağlı aidiyyəti qurumlara müraciət edilsə də, məsələ həllin tapmır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi - Anar Nəcəfli: “Sözügedən yolda heç bir problem yoxdur, sadəcə qəza olub və aradan qaldırılacaq”
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirdi ki, yolun vəziyyəti ilə bağlı ötən həftədən məlumatlıdırlar: “Azərsu” ASC-nin Binəqədi Sukanal idarəsinə məlumat verilib ki, qəza aradan qaldırılsın və qazılacaq hissədə yol bərpa olunsun. Sözügedən yolda heç bir problem yoxdur. Sadəcə qəza olub və aradan qaldırılacaq”.
Elmin Zeynalov: “Yol çəkilişləri zamanı işlər koordinasiyalı şəkildə aparılmır”
Nəqliyyat sahəsi üzrə ekspert Elmin Zeynalov bildirdi ki, yol çəkilişləri zamanı işlər koordinasiyalı şəkildə aparılmır: “Bizim yol təsərrüfatımızla bağlı vəziyyət hələ də arzuladığımız səviyyədə deyil. Yol çəkiləndə onun geoloji tərəfi öyrənilməlidir, aidiyyəti qurumların nümayəndələri orada müayinələr aparmalı, rəy verməlidirlər”.
Həmsöhbətimizin sözlərinə görə, çökmə müxtəlif səbəblərdən baş verə bilər. Ola bilər ki, həmin yolun altından su axır. Çox güman ki, yollarda baş verən çökmələrin səbəbləri yer altından axan nəzarətsiz sular və kanalizasiya xətləridir: “Su axını yerin altını yuyur və müəyyən boşluqlar (çökəklik) yaradır. Bir müddət sonra da həmin ərazilərdə çökmə baş verir. Aidiyyəti qurumlar bu kimi məsələləri araşdırıb zəruri tədbirlər həyata keçirməlidir”.
Günel CƏLİLOVA