Dünyanı cənginə almış COVID-19 pandemiyası son günlər respublikamızda öz yayılma dairəsini xeyli artırıb. Təəssüf ki, bu infeksiyanın qurbanı olanlarda çoxalıb.
Qorxunc virusun vaxtında qarşısını almaqdan ötrü dağlar diyarı Yardımlı rayonunda bütün qüvvələr səfərbər olmaqla görülən təxirəsalınmaz profilaktik və eks-epidemik tədbirlər ara vermir. Ən əsası, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tapşırıqlarına sözsüz əməl edilir. Karantin rejiminin tələbləri bütün sahələrdə gözlənilir. Həm də bundan ötrü nəzarətin həyata keçirilməsi üçün müvəkkil şəxslər müəyyən edilib. Yardımlı Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən qərargahın iclasları mütəmadi olaraq virtual qaydada keçirilir. Mövcud vəziyyət təhlil edilir, rayon icra hakimiyyəti başçısı yanında qərargahın üzvlərinin və ərazi icra nümayəndələrində yaradılmış mobil qrupların fəaliyyəti daim nəzarətdə saxlanılır, yoluxma hallarının qarşısının alınması üçün növbəti zəruri operativ tədbirlər görülür. Əhali arasında peyvəndləmə ilə bağlı daim izahat işləri aparılır və dönə-dönə adamlara xatırlanır ki, virusa qalib gəlməyin əsas yolu vaksinasıyadan keçməkdir.
Rayonda COVID-19 pandemiyasından tezliklə yaxa qurtarmaqdan ötrü bütün vacib tədbirlərə əl atılır. Qərargah üzvləri tərəfindən rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə ticarət və iaşə obyektlərinə, idarə və müəssisələrə vaxtaşırı reydlər keçirilir, xüsusi karantin rejimi qaydalarını pozan hər bir kəsə qarşı dövlətin tələb etdiyi qaydada tədbirlər görülür. Yaşayış məntəqələrində dəfn mərasiminin kütləvi təşkilinə yol verilmir.
Öldürücü virusa qarşı aparılan profilaktik mübarizə tədbirlərdən biri də dezinfeksiya işləridir. Bu iş vaxtlı-vaxtında rayonun çoxmənzilli yaşayış binalarında, sosial obyektlərdə, idarə və müəssisələrin inzibati binalarında, uşaq bağçaları və təhsil müəssisələrində, əhalinin gediş-gəlişin intensiv olduğu ərazilərdə, park, eləcə də ictimai yerlərdə müntəzəm şəkildə həyata keçirilir. Rayonun əhalisi “Güzümüz birlikdədir” prinsipini əldə rəhbər tutaraq şəxsi gigiyena qaydalarına ciddi riayət edir, qapalı yerlərdə mütləq tibbi maskadan istifadənin vacibliyini yaxşı başa düşürlər. Sonda görülən işlər rayon əhalisini yaxşı nəticəyə doğru aparır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü