Şagird sıxlığının aradan qaldırılması, müəllimlərin işlə təmin olunması üçün ölkə üzrə özəl orta ümumtəhsil məktəblərinin sayının artırılması təklif olunur.
Məlumat üçün bildirək ki, Bakıda 320 orta məktəb var. Bu məktəblərdə 440 min şagird təhsil alır və 28 min müəllim çalışır. Onu da nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanın pedaqoji ali təhsil müəssisələrini kifayət qədər məzun bitirir və onların işlə təminatında ciddi problem var. Bu səbəbdən təklif olunur ki, ölkə üzrə özəl orta ümumtəhsil məktəblərinin sayı artırılsın.
“Özəl məktəblərin sayı nə qədər çox olarsa, bu, müəllimlərin işlə təminatının artmasına təsir edər”
Təhsil eksperti Nizami Hüseynov bildirdi ki, hazırda 4447 orta ümumtəhsil məktəbində 1,6 milyon şagird təhsil alır və onlara 150 min müəllim dərs deyir. Ən çox müəllim sıxlığı Bakıdakı orta ümumtəhsil məktəblərindədir: “Hazırda ölkə üzrə özəl gimnaziya və liseylərin sayı 1 faizdən aşağıdır. Cəmi 50-yə yaxın özəl orta ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, bu çox azdır. Bunlar da əsasən paytaxt Bakının payına düşür. Hesab edirəm ki, müəllim kontingentinin işlə təmin olunması və dövlətin yükünün azaldılması üçün özəl bağça və məktəblərin açılmasına geniş şərait yaradılmalıdır. Özəl ümumtəhsil məktəbləri, özəl kolleclər yaratmaqla, cəmiyyətin hesabına uşaqları oxutmaq olar. Bu, müəllimlər üçün də əlavə iş yerlərinin yaranmasına töhfə verər”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, özəl məktəblərin sayı nə qədər çox olarsa, bu, müəllimlərin işlə təminatının artmasına təsir edər. Həmçinin, bu hal təhsilin keyfiyyətinin artmasına da səbəb olacaq: “Özəl təhsil müəssisələrinin, paytaxt Bakı ilə yanaşı, bölgələrdə də sayı artırılmalıdır. Elə rayonlar var ki, orda özəl gimnaziya və ya lisey yoxdur”.
Günel CƏLİLOVA