Bizim regionda koronavirusa yoluxanların sayının kəskin surətdə artığı məlumdur. Qonşu İranda və Gürcüstanda, eləcə də Rusiyada, Türkiyədə yoluxma statistikasında yüksəlmə müşahidə edilir. Bu günlərdə Azərbaycanda da yoluxanların sayının 3500-ü aşması, sonrakı günlərdə 2500-dən aşağı düşməməsi ciddi narahatlıq doğurur.
Azərbaycanda hələ hər hansı bir sərtləşdirici tədbirlər həyata keçirilməsə də, Gürcüstanda və İranda artıq konkret addımlar atılır. Məsələn, İranda avqustun 16-dan 22-dək ölkə ərazisində sərt karantin elan edilib. Hökumətin qərarına əsasən, bir həftə ərzində özəl və dövlət müəssisələri, banklar, bazarlar və ticarət mərkəzləri bağlanacaq. Təcili tibbi yardım, ərzaq və yanacaq daşıyan avtomobillərdən başqa digər nəqliyyat vasitələrinin hərəkəti qadağan olunacaq. Gürcüstanda da analoji addımlar atılıb. Belə ki, qonşu ölkədə koronavirusla əlaqədar olaraq avqustun 14-dən sentyabrın 4-ə qədər sərt karantin qüvvəyə minib, ictimai nəqliyyatın fəaliyyəti məhdudlaşdırılıb, digər əlavə tədbirlər həyata keçirilib.
Ekspertlərin sözlərinə görə, Azərbaycanda da vəziyyət yaxşı deyil və günü-gündən yoluxanların sayının çoxalması sərt karantin tədbirləri görülməsini zəruri edir.
“Birmənalı olaraq sərtləşdirilməyə gedilməlidir və əvvəlki sərtləşdirilmə qaydalarının hamısı geri qaytarılmalıdır”
Azərbaycan Həkimlər Birliyinin İdarə Heyətinin üzvü, professor Ədalət Rüstəm “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda da sərtləşdirilmiş karantin rejimi yenidən tətbiq edilməlidir. “Azərbaycanda da sərtləşdirilmiş karantin rejiminin tətbiq edilməsi gözlənilir. Hərçənd, mən sərtləşdirilmiş karantinin əleyhinəyəm, amma bundan başqa çarəmiz yoxdur. Birmənalı olaraq sərtləşdirilməyə gedilməlidir və əvvəlki sərtləşdirilmə qaydalarının hamısı geri qaytarılmalıdır. Proseslərin gedişi SMS icazəsinin tətbiqini və başqa məhdudlaşdırıcı tədbirlərin görüləcəyini göstərir. İnsanlarımız sərtləşdirmədən başqa yol qoymadı, hamı bir nəfər kimi vaksinasiyaya getmədi. Azərbaycanda koronavirusa qarşı vaksinlərin vurulmasına bu ilin yanvar ayının 18-də başlanılıb, iki gündən sonra 7 ay tamam olur, amma insanlarımız hələ də tam olaraq vaksinasiyadan istifadə etmək istəmirlər. Vətəndaşlarımız bilməlidir ki, xilas yolu, problemdən çıxış vaksinasiya ilə bağlıdır. Saxta vaksin pasportlarını hansı yollarla əldə etməyi düşünməkdənsə, gedib normal qaydada vaksinsiya olunsunlar. Təəssüf ki, bizim camaat alimə, professora, akademikə, ziyalıya deyil, arada söz gəzdirənlərə inanır. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda çox sanballı alimlər təmsil olunur. Vətəndaşlarımız ürək cərrahı, professor Rəşad Mahmudov, professor Akif Qurbanov, professor Adil Allahverdiyev kimi alimlərə, eləcə də bizim kimi mütəxəssislərə inanmır, gedib Fatmanisə qarıya, Tükəzban xalaya inanırlar...Çox təəssüf ki, belədir. Yoluxmanın bu həddə gəlib çatması Operativ Qərargahın sərtləşdirmə qərarı verməsini zəruri edir, çünki başqa çarə qalmayıb”-deyə Ə.Rüstəm bildirdi.
İradə SARIYEVA