Son zamanlar Şəki şəhər qarışıq tipli Uşaq Evindən edilən şikayətlərin sayı artıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd olunur ki, Uşaq Evinin binası Heydər Əliyev Fondu tərəfindən tikilib istifadəyə verilib: “Binada uşaqlar üçün hər cür şərait olmasına baxmayaraq, onlara bu şəraitdən istifadə etmək imkanı verilmir. Uşaqların rejimi duzgün qurulmur. Günorta yuxusunu uşaqlar - qızlar və oğlanlar ayrıca yataq otaqlarında çarpayıda yatmalıdırlar. Lakin uşaqlar quru döşəmədə yatızdırılır. Dövlətin verdiyi ərzaq uşaqlara çatdırılmır. Uşaq Evinin direktoru dövləti aldadır, vəzifəsindən sui-istifadə edib cibini doldurmaqla məşğuldur. Və etdiyi qeyri-qanuni hərəkətlərə “Mən bura dolanmağa gəlmişəm” sözləri ilə bəraət qazandırır. Uşaqları bit basıb”.
“Sosial şəbəkədə yayılan şəkillərin necə və hansı formada çəkildiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”
Məsələ ilə bağlı Şəki şəhər qarışıq tipli Uşaq Evi ilə əlaqə saxladıq. Uşaq evinin rəhbəri İlhamə Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkədə yayılan məlumatlar həqiqət deyil: “Uşaqlar quru döşəmənin üzərində deyil, xalçanın üzərində yatıblar. Uşaqların rahat yaşayışı üçün hər bir şərait yaradılıb. Məlumat üçün bildirim ki, 2018-ci ildən Heydər Əliyev Fondu tərəfindən Şəki şəhərində qarışıq tipli Uşaq Evi üçün müasir standartlara cavab verən, çox gözəl, işıqlı bina tikilərək təhvil verilib. Həmin uşaqlar 2018-ci ildən bugünə kimi burada yaşayır və təhsil alırlar. Qeyd etdiyim kimi, uşaqların rahatlığı üçün hər bir şərait yaradılıb. Sevindirici haldır ki, bugünə kimi uşaqlarda hansısa xəstəlik, xəsarət, narahatlıq olmayıb. Bu isə onlara baxılan şəraitdən asılıdır.
Sosial şəbəkədə yayılan şəkillərin necə və hansı formada çəkilməsi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Hüquq-mühafizə orqanlarının məsələ ilə bağlı apardığı araşdırma bitəndən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.
Günel CƏLİLOVA