Tikinti şirkətlərinin satdığı mənzillərdə sahənin hesablanması ilə bağlı ciddi problemlər var. Belə ki, tikinti şirkətləri mənzili vətəndaşa 100 kvadratmetr adı ilə satır və vətəndaş hər kvadratmetrinə pul ödəyir, lakin müəyyən bir müddətdən sonra ona verilən çıxarışda həmin mənzilin sahəsi 85, maksimum 90 kvadratmetr yazılır.
Vətəndaş sonradan həmin mənzili satışa çıxaranda qiyməti çıxarışda yazılan kvadratmetrə uyğun təklif etmək məcburiyyətində qalır. Bu da xeyli pul itkisinə səbəb olur. Demək olar ki, əksər binalarda vəziyyət belədir. Təsadüfi tikinti şirkətləri var ki, müqavilədə hansı sahə yazılıbsa, onun pulunu alır.
Bu kimi faktlarla bağlı son zamanlar səslənən şikayətlərin sayı artıb.
“Mənzilin sahəsi ilə bağlı dəqiqləşmə bina təhvil verildikdən sonra məlum olduğundan, son hesablaşma bu zaman aparılmalıdır”
Məsələ ilə bağlı fikir bildirən daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli qeyd etdi ki, tikinti şirkətlərinin tikinti normalarına əməl etməməsi bir çox problemlərə yol açır. Onun sözlərinə görə, müqavilədə binanın inşası ilə bağlı müddətin göstərilməməsi və tikinti şirkətlərinin mənzil sahəsini özlərinə sərf edən formada hesablaması, son nəticədə müqavilədə göstəriləndən az sahənin təqdim olunması mülkiyyət sahiblərinin haqlı narazılığına səbəb olur: “Bundan başqa, tikinti şirkətləri normalara, sahələrin hesablanması qaydalarına əməl etmir. Mənzilin sahəsi hesablanarkən xarici divarlar əsas götürülür ki, otaqlar ayrılandan sonra mənzilin sahəsi müqavilədə göstəriləndən az olur. Əslində tikinti şirkətlərinin əlində olan layihə ilkin layihədir. Mənzilin sahəsi ilə bağlı dəqiqləşmə bina təhvil verildikdən sonra məlum olduğundan, son hesablaşma bu zaman aparılmalıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, bəzi MTK-lar vergini az ödəmək üçün mənzilin sahəsini kiçik göstərir.
Ekspert mənzil alarkən müqavilənin şərtlərinə diqqətlə baxmağı tövsiyə edir: “Yaxşı olar ki, alıcı mənzildəki otaqların, eyvanın və sair hissələrin sahəsinin ayrı-ayrılıqda göstərilməsini tələb etsin. Müqavilədə bunlar aydın şəkildə göstərilsə, alıcı məhkəmədə hüquqlarını asanlıqla müdafiə edə biləcək”.
Günel CƏLİLOVA