Yardımlı Rayon Heydər Əliyev Mərkəzində keçirilən növbəti sazlı-sözlü tədbir dahi söz ustadı, öz dövrünün el məclislərinin bəzəyi Aşıq Ələsgərin 200 illiyinə həsr olunmuşdu. Tədbirin təşkilatçılıq yükünü Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) Yardımlı nümayəndəliyi öz boynuna götürmüşdü.
Heydər Əliyev Mərkəzin əməkdaşlarının, şəhər 1 saylı tam orta məktəbinin müəllimi Fərid Bəyalızadənin, rayon mərkəzi kitabxanasının şöbə müdiri Gündüz Manafovun, GİKM-in direktoru vəzifəsini icra edən Səfail İbişlinin və gənc könüllülərin qatıldığı tədbirdə respublikamızda tətbiq olunan karatin rejiminin bütün tələbləri gözlənilirdi. Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev ustad aşığın yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verərək dedi: - Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə söz ustadının yubileyləri həmişə təntənəli şəkildə qeyd olunub, eyni xətt Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Həm də dövlət başçısının 18 fevral 2021-ci il tarixli Sərəncamı əsasında Aşıq Ələsgərin 200 illiyinin dövlət səviyyəsində təşkili ölkə mədəniyyətinə verilən yüksək qiymətin bariz təzahürüdür. Daha sonra 1 saylı tam orta məktəbinin müəllimi F.Bəyalızadə ustad söz sənətkarının həyatının dəyərli məqamlardan geniş danışmaqla bərabər, aşığın müxtəlif mövzulardan bəhs edən yaradıcılığından nümunələr söylədi. Mərkəzi kitabxananın şöbə müdiri G.Manafov isə sənətkarın lirik, o cümlədən yüksək mənəvi dəyərləri, eləcə təbiəti tərənnümüm edən qoşmalardan oxudu, bir daha Aşıq Ələsgər yaradıcılığın özünəməxsus, bənzərsiz olduğunu çox aydın şəkildə təhlil etdi. Tədbir qonaqların Mərkəzin əməkdaşlarının müşayiəti ilə Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən eksponatların tanışlığı ilə başa çatdı.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü