Dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatma qeydi yazılmalıdır. Bu barədə “Şənlik mərasimlərində koronavirus infeksiyasının (COVİD-19) idarə olunmasına dair metodiki göstərişlər”də məlumat əks olunub.
Belə ki, dəvətnamələr üzərində COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanın vacibliyi barədə xatırlatma qeyd edilməli və ya qonaqlara müəyyən olunmuş tələblərə dair yaddaş vərəqələri göndərilməlidir.
“Toy dəvətnamələri hazırlanarkən mütləq şəkildə vaksin pasportu və Operativ Qərargahın toylarla bağlı tələblərindən bir neçəsi haqqında məlumat verilə bilər”
Qeyd etdiyimiz kimi, koronavirus dövründə toy dəvətnamələri yeni formatda tərtib edilməlidir. Toy dəvətnamələrinin necə və hansı formatda tərtib edilməsi barədə fikir bildirən Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, İctimai Nəzarət Koalisiyasının baş katibi, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq, Prezident təqaüdçüsü Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, yaşıllıqların məhv olmaması üçün dəvətnamələrin kağız formada hazırlanmasının əleyhinədir: “Məlumdur ki, hazırda bütün dünya koronavirus infeksiyası ilə mübarizə aparır. Belə olan şəraitdə hər kəs bu virusla mübarizədə öz köməkliyini göstərməlidir. Toy dəvətnamələri hazırlanarkən mütləq şəkildə vaksin pasportu və Operativ Qərargahın toylarla bağlı tələblərindən bir neçəsi haqqında məlumat verilə bilər. Yaxşı olar ki, dəvətnamələrdə gələcək nəslin sağlığı və toyda iştirak edəcək şəxslərin virusa yoluxmaması üçün xüsusi çağırışlar, şüarlar olsun. İnsanların peyvəndlənməsi və sosial məsafənin saxlanması barədə də informasiya verilə bilər”.
Həmsöhbətimiz hesab edir ki, toy dəvətnamələrinin kağız formatı ilə yanaşı, elektron forması da hazırlana bilər: “Elektron formada hazırlanacaq dəvətnamələrin bir çox üstünlükləri var. Virusla, vaksinlə bağlı məlumatlar kağız formatında hazırlanan dəvətnamələrdə qeyd edilə bilməzsə, bunu elektron formada etmək daha yaxşı olar. Danılmaz faktdır ki, bu gün hər kəs vatsap, facebook və digər sosial şəbəkə platformalarından istifadə edir. Hazırlanacaq elektron dəvətnamələri sosial şəbəkə üzərindən yaymaq daha sərfəli olar”.
A.X.Əbilov onu da əlavə etdi ki, insanlar ictimai qınağı əsas götürərək toylarda kütləvi iştirak etməkdən imtina etməlidir: “Toy sahibi ilə ailəyə yaxın doğmalıq yoxdursa həmin məclisdə iştirak etmək düzgün olmaz. Virusun daha da geniş yayılmaması üçün kütləvi məclislərdə iştirakdan imtina edilməlidir”.
Günel CƏLİLOVA