Lerik rayonundakı Daster ərazisi dörd dağ kəndini əhatə edir. Vaxt var idi, buraların büllur bulaqları, yaşıl yamacları, güllü-çiçəkli dərələri təbiətin saflığını özündə yaşatmaqla adamda xoş əhval-ruhiyyə yaradırdı.
Lakin kəndlinin özü son illər təbiətin yaratdığına elə balta çalıb ki, indi buralar hər addım başı ağır faciələrdən xəbər verir. Çəpərlənmiş bulaqlar, yamaclar, dərə kənarları bir daha göstərir ki, təbiətin gözəlliyi buralarda şəxsi maraqların qurbanıdır.
Ərazidə bulaqların çəpərə salınması daha dəhşətli hal alıb. Bulaqları ilə zəngin olan kəndlərin bağçaları, bağları yayın isti günlərdə susuzluqdan məhv olub gedir. 20 evə həyat bəxş edən bulaq zəbt olunduğu üçün indi bir həyətə axır. Həm də bol sulu bulaqlar çəpərə salındığına görə ətrafında böyük bir bataqlıq yaranıb. Təbiətin əvəzsiz neməti olan saf çeşməli bulaqlara belə qəddar münasibət fəlakətdən başqa bir şey deyil. İndi ərazidə ayrı-ayrı adamlar tərəfindən gözü daşlamış bulaqlar çoxdur.
Bulaqlardan başqa, ərazidə kiçik meşəlik, yamac, dərə kənarı qalmayıb ki, oraya çəpər çəkilməsin. Özü də bu çəpərlər yüzlərlə cavan ağacın ömrünə son qoymaqla başa gəlir. Sadəcə təbiətin qoynuna çıxmaq qeyri-mümkündür. Çəpərlərin sayı hər ay da artır. Bu işdə məqsəd isə təbiətin bitirdiyi nemətləri daha qəddarcasına istismar etməkdir. Məhz buna görə cənnəti xatırladan Daster ərazisinin füsunkar təbiəti nadanların əli ilə cəhənnəmə dönüb. Təəssüf ki, faciənin bir addımlığında olsaq da, təbiətə qarşı qəsd davam edir.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü