Ağdaş rayonunun sakinləri isti yay günlərində su sarıdan əziyyət çəkir. Bu problem daha çox Qobuüstü kəndində qeydə alınır. Kənd sakinlərinin bildirdiyinə görə, kanaldan su bol axsa da, onlar sahələrini suvarmaqda çətinlik çəkir. Sakinlərin su sarıdan problem yaşamasının səbəbi supaylayıcı hidroqurğuların olmamasıdır.
Supaylayıcı hidroqurğuların olmamasına görə kənd sakinlərinin minbir əziyyətlə əkib becərdiyi sahələr susuzluqdan yanır. Sakinlər bildirir ki, adıçəkilən qurğuların olmaması səbəbindən əkdikdiləri çəltiyi, bostanı, yonca sahələrini suvara bilmirlər. Çarəsiz qalan sakinlər yaxınlıqdan keçən Ağdaş kanalının palçıqlı suyundan içməli su kimi istifadə edirlər.
Ağdaş Suvarma Sistemləri İdarəsi: “Əkin sahələrinə suyun verilməsində L 1 və L 2 adlı kanallardan istifadə olunur”
Məsələ ilə bağlı Ağdaş Suvarma Sistemləri İdarəsindən bildirildi ki, Qobuüstü kəndi ərazisində 770 hektar sahə hazırda suvarma suyu ilə təmin edilib. Əkin sahələrinə suyun verilməsində L 1 və L 2 adlı kanallardan istifadə olunur. Sözügedən hidroqurğulardan L1 kanalında yoxdur: “L 1 kanalında idarə tərəfindən plana salınaraq layihələndirmə işləri aparılacaq. Bundan sonra sözügedən problem aradan qaldırılacaq”.
Mayis Əliyev: “Bir çox bölgələrdə su problemi yaşanır, insanlar su sarıdan əziyyət çəkir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev də qeyd etdi ki, bir çox bölgələrdə su problemi yaşanır, insanlar su sarıdan əziyyət çəkir: “Bu problem Ağsu rayonunda da yaşanır. Əhali istifadə etməyə su tapmır, çox ciddi içməli su qıtlığı yaranıb. Aqrar sektorda suvarma problemi var. Bəzi fermerlər əkin sahələrini suvarmaq üçün şor, palçıqlı sudan istifadə etmək məcburiyyətində qalıb ki, bu da əkinin məhv olmasına səbəb olur”.
Həmsöhbətimizin sözlərinə görə, son illər müşahidə olunan qlobal iqlim dəyişmələri nəticəsində Kür çayında suyun səviyyəsi azalıb. Suyun səviyyəsinin azalması da kənd və qəsəbələrin su təchizatında problem yaşadır. Bu istiqamətdə çoxlu sayda iş görülməlidir. Nəzərə almaq lazımdır ki, isti yay günlərini yaşayırıq. Su almaqla problemi həll etmək olmaz”.
Günel CƏLİLOVA