Məlum olduğu kimi, son həftələr koronavirusla bağlı dünyada vəziyyət yenidən pisləşməyə doğru gedir. Azərbaycanda da yoluxma sayının dinamik artımı ölkəmizdə bu müstəvidə yenidən həyəcan təbili çalınmasına səbəb olub.
Məlumdur ki, xəstəliyi ağır keçirənlər üçün oksigen balonu lazımdır. Məlumatlara görə, son günlər xəstəxanalarda oksigen balonlarının çatışmazlığı ilə bağlı məlumatlar yayılır. Qeyd olunur ki, bəzi xəstəxanalarda oksigen balonu olmadığı üçün COVİD 19-dan əziyyət çəkən xəstələrin vəziyyəti ağırlaşır.
Məlumat üçün bildirək ki, oksigen konsentratorları xəstəxanaya yerləşdirilmiş COVID-19-lu xəstələri oksigenlə təmin edən qeyri-invaziv bir vasitədir. Bu yolla təmin edilən oksigen aşağı qan oksigen səviyyəsi olan COVID-19-lu ağır xəstələrin müalicəsi üçün ilk önəmli addımdır və müalicə üçün əsas prioritet olmalıdır.
Qeyd etdiyimiz kimi, oksigen balonu koronavirusa yoluxmuş xəstənin nəfəs almasına şərait yaradır. Adıçəkilən cihazın xəstəxanalarda olmaması xəstələrin vəziyyətinin daha da ağırlaşmasına səbəb olur.
“Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır”
Xəstəxanalada oksigen balonunun nə səbəbdən olmaması barədə fikir bildirən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxış bildirdi ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Hazırda koronavirus və qeyri-COVID tibb müəssisələrində oksigen balonları ilə bağlı heç bir problem yaşanmır. Xəstələr oksigen balonu ilə tam şəkildə təmin olunur”.
Günel CƏLİLOVA