Ölkəmizdə tətbiq olunan bankomat xidməti Siyov kəndində problemə səbəb olubdur. Belə ki, bu mütərəqqi mahiyyət daşıyan üsul yarandığı gündən kənddə yaşayan yaşlı adamlar, dövlətdən müavinət alanlar öz pullarını əldə etməkdə çox əziyyət çəkirlər. Odur ki, siyovlular respublikada tətbiq olunan bankomat vasitəsi ilə ödəmə formasından narazıdırlar.
Dadaş Həsənov kəndin hörmətli, nüfuzlu ağsaqqalıdır. O, ömrünün çoxunu gənc nəslin təlim-tərbiyəsinə həsr etmişdir. İndinin özündə də siyovluların bütün tədbirlərində fəaldır, heç kimdən ağıllı məsləhətlərini əsirgəmir, xeyirxah əməlləri çoxunun əlindən tutur. El ağsaqqalı deyir: - Müstəqil ölkəmlə qürur duyuram. Qaldı ki, həyatımın çox hissəsi keçdiyi sovet sistemi dağılan kimi bizim dağ kəndlərinə ögey bir münasibət yarandı. Nəticədə hər gələn il yaşadığımız mühitə bir problem gətirdi. Birinci kəndimizə işləyən avtobus yoxa çıxdı. Sonrakı illər daha faciəli oldu. Sovetdən qalma bütün tikililər dağıdıldı, yeniləri isə yaranmadı... Bax, belə-belə böyük, inkişafda olan Siyov kəndi döndü suyu sovrulmuş dəyirmana. Sosial problemlər üzündən kəndin cavanları baş götürüb buradan qaçdılar. İndi mən bir ziyalı kimi bankomatın əhəmiyyətini yaxşı başa düşürəm. Bunu cəmiyyətdə də deyirəm. Fakt budur isə siyovlular dövlətin xalqın rahatlığı üçün yaratdığı bu xidmətdən istifadə edə bilmirlər.
Siyovdan təqribən 16 kilometr uzaqda “Kapital Bank” a məxsus bankomat fəaliyyət göstərir. Oraya düşməyə ictimai nəqliyyat yoxdur, vəziyyətdən istifadə edən ara sürücülər yolu getməyi bizlərə min əzab-əziyyətə döndərirlər.
Deməyim odur ki, beş dağ kəndini birləşdirən Siyov ərazisi müstəqil Azərbaycanın kiçik parçasıdır. Burada yaşayan hər bir kəs dövlətini, Vətənini ürəkdən sevir. Bizim də ölkədə olan rahatlıqdan bəhrələnməyə ixtiyarımız vardır. Əlaqədar təşkilatlar bunu bilməlidir.
Zəfər ORUCOĞLU, Azərbaycan Jurnalistlər Birliyinin üzvü