Artıq bir ildən çoxdur ki, dünyanın üzləşdiyi qlobal pandemiya davam etməkdədir. Başladığı vaxtdan da dünya bu gözlənilməz, qəfil bəla ilə mübarizə aparır. 2020-ci ilin martında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edəndən bəri dünyada bu virusa yoluxanların sayı 200 milyonu ötüb. Son zamanlar ölkəmizdə də virusa yoluxanların sayında artım müşahidə edilir.
Maraqlı məqam ondan ibarətdir ki, COVID 19-a yoluxanlar vaksin olunmayanlardır. Səhiyyə Nazirliyinin nümayəndəsi media nümayəndələrinə açıqlamasında qeyd edib ki, ölüm və yoluxma sayı vaksinasiya olunmayan insanlar arasında yüksəkdir. Yoluxma halları artdıqca səhiyyə sisteminin də yükü artır.
Ekspertlər də bildirir ki, yoluxma sayının artmasının səbəblərindən biri vaksin olunmayan şəxslərin təhlükəsizlik qaydalarına əməl etməməsidir.
Mütəxəssislər yoluxma sayının azalması üçün əhalini vaksin olunmağa səsləyir.
“Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır”
Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, yanvar ayından başlanan peyvəndləmə prosesinə ilk günlər insanlar şübhə ilə yanaşsalar da, bu gün artıq hər kəs anlayır ki, istənilən vaksinin yeganə məqsədi xəstəliyə qarşı orqanizmdə immunitet yaratmaqdır. Bu da COVİD-19 virusunun səbəb olduğu və yaratdığı xəstəlikdən yeganə müdafiə yoludur: “Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə metodlarından ən effektli və iqtisadi cəhətdən ən əlverişli üsul vaksinasiyadır. Peyvənd immun sisteminizdə müəyyən xəstəliklərə qarşı immun reaksiyasını canlandıraraq infeksiyalara qarşı daha effektiv mübarizə aparmağa kömək edir. Gələcəkdə həmin virus və ya bakteriya ilə bədən rastlaşarsa, immun sisteminiz artıq onlarla necə mübarizə aparacağını biləcək”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, son günlərdə yoluxma sayının 1000-i keçməsi bizi də ciddi sürətdə narahat edir. Belə davam edərsə daha yüksək statistik rəqəmlərlə də qarşılaşa bilərik. Qarşıdan mövsümi infeksiyaların yayıldığı sentyabr-oktyabr ayları gəlir. Təhlükədən qorunmaq üçün peyvəndlənmə prosesində aktiv iştirak olduqca vacibdir.
Günel CƏLİLOVA