İki ilə yaxındır ki, bütün dünya “COVID-19” pandemiyası ilə mübarizə aparır, lakin bütün üstün mübarizə üsulları ilə silahlanan ölkələr belə pandemiyanın qarşısını almaqda acizdir. Azərbaycan da dünyanın bir parçası kimi pandemiyadan yaxa qurtara bilməyib. Bir müddət yoluxma sayının kəskin şəkildə azalmasına və ölüm halının sıfır təşkil etməsinə nail olsaq da, bu uzun sürmədi.
Yoluxma dinamikasının aşağı düşməsi insanlarda belə təəssürat yaratdı ki, daha pandemiya bitir, bu virusdan xilas oluruq, amma belə olmadı. Xüsusən də son aylar karantin rejiminin yumşaldılması, bir sıra sahələrdə sərt qadağaların aradan qaldırılması, açıq havada maskanın ləğvi, toy şənliklərinin, nişan məclislərinin keçirilməsinə icazə verilməsi böyük fəsadlara səbəb oldu, yoluxma sayının kəskin atması ilə nəticələndi.
Ekspertlər deyir ki, karantinin yumşalması, restoran toylarının bərpası, üstəlik də insanların məsuliyyətsizliyi, qaydalara əməl edilməməsi kimi amillər nəticədə yoluxmanı artırdı.
Ekspertlər hesab edirr ki, bütün bunlar məhdudiyyətlərin tətbiqini qaçılmaz edir.
“Yoluxma sayı günü-gündən vahiməli şəkil alırsa...”
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, tanınmış ictimai xadim Əli Mahmud “Bakı-Xəbər”ə bildirdi ki, pandemiya tam olaraq başa çatana qədər məhdudlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Ə.Mahmudun sözlərinə görə, ictimai iaşə müəssisələrinin, şadlıq evləri və restoranların açılması və insanların bu məkanlara kütləvi toplaşması mövcud vəziyyətin meydana çıxmasına səbəb olub. “Karantin rejiminin yumşaldılması müsbət hal olsa da, çox təəssüflər olsun ki, məsuliyyətsiz insanlar, bəzi işbazlar bunu qiymətləndirə bilmədi. Toyların, şənliklərin təşkil edilməsinə icazə verilməsi, məhdudiyyətlərin aradan qaldırılması qaydalarına qüsursuz əməl olunsaydı. bugünkü acı mənzərə ilə qarşılaşmazdıq. Çox təəssüflər olsun ki, insanların, bəzi restoran və şadlıq evlərinin məsuliyyətsizliyi ucbatından yoluxma sayı 1000-i ötüb. Toyların keçirilməsinə icazə verildiyi vaxtdan indiyə qədər yoluxanların sayı çoxalıb, ölənlərin sayında artım var. Vətəndaşlarımız bütün qaydalara lazımı səviyyədə əməl etməli idi. Restoranlarda, kafelərdə, ictimai iaşə müəssisələrində indiyə kimi kifayət qədər pozuntular aşkarlanıb, bunlar aşkarlanmaya da bilərdi, amma insan məsuliyyətsizliyi üzündən nə qədər xoşagəlməzliklər eşitdik. İnsanların məsuliyyətsizliyi bütün hallarda qaydaların sərtləşdirilməsini, məhdudiyyətlərin tətbiqini qaçılmaz edir. Yoluxma sayı günü-gündən vahiməli şəkil alırsa məhdudiyyətlər geri qaytarılmalıdır. Çünki başqa bir yol qalmadı. Nə toylarda, nə ziyafətlərdə qaydalara riayət edilmir, bu isə yoluxmanın artması ilə nəticələnir. Bu baxımdan, hökümət lazımı sərtləşdirici addımları atmalıdır ki, pandemiyadan birdəfəlik xilas olaq”.
Ə.Mahmud qeyd etdi ki, ölkəmizdə vaksinasiya prosesi tam başa çatana və müsbət nəticə əldə edilənə qədər dövlətin qaydaları sərtləşdirməsi, məhdudiyyətlər tətbiq etməsi qaçılmazdır, insanların məsuliyyətsizliyi bundan başqa alternativ qoymur.
İradə SARIYEVA