Milli Məclisin qərarı ilə toxunulmazlıq hüququ ləğv edilən və hazırda həbsdə olan deputat Eldəniz Səlimov apellyasiya şikayəti verib. KİV yazır ki, həbsdə olan E.Səlimov barəsində seçilən həbs qətimkan tədbirinin dəyişdirilməsini istəyib.
Həmçinin, onun şikayətinə avqustun 11-də hakim Habil Məmmədovun başçılığı ilə qapalı olaraq keçirilən Bakı Apellyasiya Məhkəməsində baxılacağı qeyd edilib.
Ancaq xəbər yayıldıqdan qısa müddət sonra Eldəniz Səlimovun vəkili İlqar Əliyev mətbuata açıqlama verərək onun apellyasiya şikayətini geri götürdüyünü açıqlayıb.
Onun sözlərinə görə, apellyasiya şikayətini avqustun 10-da E.Səlimovun öz xahişi ilə geri götürüb.
Xatırladaq ki, iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etməsi barədə Daxili İşlər Nazirliyindən daxil olan material Baş Prokurorluqda araşdırılıb.
Toplanan material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb.
Baş prokuror Kamran Əliyev “Azərbaycan Respublikası Milli Məclisinin deputatı Eldəniz Adil oğlu Səlimovun toxunulmazlığına xitam verilməsi haqqında” parlamentə təqdimat göndərib. Parlamentin avqustun 3-də keçirilən növbədənkənar sessiyasının iclasında təqdimata baxılaraq E.Səlimovun deputat toxunulmazlığına xitam verilib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə E.Səlimov barəsində 3 ay həbs qətimkan tədbiri seçilib.