“Anonim və ya xarici nömrələr vasitəsilə edilən zəng və mesajlar kiberdələduzların ən çox istifadə etdiyi üsullardandır.
Bu cür kiberhücumlardan qorunmanın ilk üsulu alınan anonim zəng və mesajlara şübhə ilə yanaşmaq, cəlbedici vədlərə aldanaraq ani hərəkət etməmək və məlumatın düzgünlüyünü fərqli əlaqə vasitələrindən istifadə etməklə yoxlamaqdır”. Bu barədə “Bakı-Xəbər” sorğusuna cavab olaraq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.
Nazirlikdən “Bu cür zəng və mesajlar alan istifadəçilərdən xahiş olunur ki, onlara cavab verməsinlər, digər şəxslərlə paylaşmasınlar və ''Report(Şikayət et)'' seçimini etsinlər.
Həmçinin hər hansı kiberinsidentlə üzləşdiklərində və ya metodiki dəstəyə ehtiyacları olduqda www.cert.az saytı və ya [email protected] elektron poçt ünvanı vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinə müraciət etsinlər”-deyə bildirilib.
Qeyd edək ki, son günlər bir sıra mobil telefon istifadəçiləri redaksiyamızla əlaqə saxlayaraq tanımadıqları nömrələrdən zənglər aldıqlarını, geriyə zəngin bağlanmadığını və zəng edənin şəxsiyyətini müxtəlif sistemlərlə müəyyən etməyin mümkün olmadığını biliriblər.
İradə SARIYEVA