44 günlük Vətən müharibəsi zamanı azğınlaşmış ermənilər mülki əhalini hədəf aldılar. Onlar əlisilahlı hərbçilərlə deyil, sadə insanlarla, uşaqlarla, yaşlılarla müharibə aparmağa üstünlük verirdilər.
İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutaraq, mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək, fərdi yaşayış evlərinə, sosial və iaşə obyektlərinə irimiqyaslı zərər vurub. Dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 6 noyabr 2020-ci il tarixli müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən təşkil olunmuş fəaliyyət nəticəsində ümumilikdə 11 şəhər və rayon ərazisində 12 000-dən artıq obyektə baxış keçirilib, qiymətləndirmə və təmir-tikintinin ilkin planlaşdırılması işləri aparılır.
Qeyd etdiyimiz kimi, 44 günlük Zəfər müharibəsində mülki əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı tapşırıq verilsə də, bu işdə ləngimələr qeydə alınır. Belə ki, 44 günlük Zəfər müharibəsi zamanı Tərtər rayonundan olan evlərə dəyən ziyan hələ də tam şəkildə həll edilməyib.
Sakinlər bildirir ki, artıq aylar keçməsinə baxmayaraq, problemləmlə məşğul olan yoxdur, ya da görülən iş yarımçıq qalıb.
Tərtər şəhər sakini Şahin Əliyev: “Evim müharibə zamanı xəsarət alıb, ancaq neçə vaxtdır bizi itirib-axtaran yoxdur”
Tərtər şəhər sakini, zərərçəkmiş Şahin Əliyev bildirdi ki, evi müharibə zamanı xəsarət alıb: “Neçə vaxtdır bizi itirib axtaran olmayıb. Özüm Fövqəladə Hallar Nazirliyinə şikayət edəndən sonra iyulun 2-də gəlib evimizə baxıblar və ayın 11-də təmirə başlayıblar. Yarım kub qum töküblər həyətə, pəncərələrimi, damın şiferini söküblər, 3 gün işləyib çıxıb gediblər. Şirkətin adını bilmirik heç, demədilər.
Onu da deyim ki, oğlum 44 günlük müharibənin iştirakçısıdır və qanuna görə evimiz növbədənkənar təmir olunmalıdır. Ancaq biz bunun əksini müşahidə edirik”.
Arxitektura və Şəhərsalma Komitəsi: “Məsələ araşdırılacaq”
Arxitektura və Şəhərsalma Komitəsinin mətbuat xidmətindən bildirildi ki, məsələ araşdırılacaq: “Araşdırılandan sonra əlavə məlumat veriləcək”.
Mayis Əliyev: “Müharibə 10 aydan çoxdur bitib, ancaq bəzi vətəndaşın evi hələ də yararsız vəziyyətdədir”
Sosial sahə üzrə ekspert Mayis Əliyev qeyd etdi ki, İkinci Qarabağ müharibəsi zamanı zərər görmüş evlər qısa müddətdə təmir olunmalı idi. Müharibə 10 aydan çoxdur bitib, ancaq bəzi vətəndaşın evi hələ də yararsız vəziyyətdədir: “Bəzi məmurlar vəziyyətdən sui-istifadə edib vətəndaşları incidir. Ancaq unutmaq lazım deyil ki, bu cür həssas məsələdə insanları incitmək olmaz. O şəxslərin evi öz günahlarından deyil, ermənilərin atdığı raket nəticəsində yararsız hala düşüb. Əhaliyə dəymiş ziyanın ödənilməsi ilə bağlı Prezidentin xüsusi göstərişi var. Aidiyyəti qurumlar insanları incitməzdən öncə Prezidentin sərəncamlarını, göstərişlərini xatırlasın”.
Günel CƏLİLOVA