Ölkəmizdə aqrar sektorun inkişafı istiqamətində atılan addımlar öz bəhrəsini verməkdədir. Kənd təsərrüfatının şaxələndirilməsi, spesifik və ixracyönümlü məhsulların yetişdirilməsi, heyvandarlığın inkişafı istiqamətində görülən işlər öz müsbət nəticəsini verir.
Ölkə başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. “Heyvandarlığın inkişaf etdirilməsi və örüş-otlaq ərazilərinin səmərəli istifadə olunmasına dair” Dövlət Proqramının əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır.
Qeyd olunan proqramda qarşıya qoyulan əsas məqsədlərdən biri də örüş ərazilərinin artırılmasıdır.
Ancaq bu gün bəzi bölgələrdə bununla bağlı problem yaşanır. Belə ki, Qubanın ucqar yaşayış məntəqələrindən olan Çiçi kəndinin sakinləri örüş sarıdan əziyyət çəkir. Kənd sakinləri bildirir ki, uzun illər örüş sahəsi kimi istifadə etdikləri ərazinin bir hissəsinə dirəklər basdırılıb: “Ərazinin kim tərəfindən zəbt edilməsi ilə bağlı heç kimə məlumat verilmir. Bizim əsas məşğuliyyətimiz maldarlıqdır. Bu səbəbdən də örüş sahəsinin zəbt olunması bizi çox narahat edir”.
“Qeyd olunan ərazi zəbt edilməyib, 2006-cı ildə - əvvəlki bələdiyyə sədrinin dövründə bir vətəndaşa qanuni olaraq satılıb”
Məsələ ilə bağlı fikir bildirən Çiçi kənd bələdiyyəsinin sədri Arif Ömərov dedi ki, qeyd olunan ərazi zəbt edilməyib: “2006-cı ildə - əvvəlki bələdiyyə sədrinin dövründə bir vətəndaşa qanuni olaraq satılıb. Hətta həmin vətəndaşın buna dair sənədi də var. Torpaq sahibi o vaxt aldığı sahədən indi istifadə etmək qərarına gəlib”. Bələdiyyə sədri onu da əlavə etdi ki, sakinlərin məsələ ilə bağlı hər hansı narazılığı varsa məhkəməyə müraciət edə bilərlər.
Günel CƏLİLOVA