Bakıda şadlıq evlərindən havaya buraxılan tüstü ətrafda yaşayan sakinlər üçün problemə çevrilib. Ərazidə yaşayan yüzlərlə ailə tüstü səbəbindən çətinlik çəkdiklərini, nə eyvana, nə də həyətə çıxa bildiklərini deyir.
Qeyd edək ki, karantindən öncə şadlıq evi və restoranlarda tüstü boğucunun qoyulmasına, onun işlək olmasına xüsusi nəzarət olunurdu. Hətta hansısa şadlıq evinin tüstü boğucusu olmayanda və ya nasaz vəziyyətdə olduqda dərhal həmin restoranla bağlı müvafiq tədbir görülürdü.
Məlumdur ki, iyulun 1-dən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə ölkədə şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilib. Lakin toyların başlaması ilə restoran və şadlıq evlərinin mətbəxindən ətrafı bürüyən tüstülərin çıxması bir oldu.
Qeyd etdiyimiz kimi, pandemiyadan əvvəl şadlıq evlərində tüstü boğucunun işlək olmasına xüsusi nəzarət olunurdu. Artıq demək olar ki, bu məsələ unudulub. Toyların başlaması ilə ətrafı kabab tüstüsü bürüyüb.
“Pandemiyadan öncə bu istiqamətdə uğurlu iş aparılırdı, şadlıq evlərinin qarşısına tələb qoyulmuşdu ki, mütləq tüstü boğucuları olmalıdır”
Məsələ ilə bağı fikir bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd etdi ki, əhali vəziyyətdən xeyli narazıdır: “Son bir həftədə bu movzu ilə bağlı Birliyə çoxlu sayda şikayət daxil olub. Toyların başlaması ilə restoran və şadlıq saraylarının mətbəxindən tüstülərin qalxması bir oldu. Pandemiyadan öncə bu istiqamətdə uğurlu iş aparılırdı. Şadlıq evlərinin qarşısına tələb qoyulmuşdu ki, mütləq tüstü boğucuları olmalıdır. Əks halda həmin obyekt cəzalanırdı. Bu qayda yenidən tətbiq edilməlidir”.
Həmsöhbətimiz hesab edir ki, tüstü boğucusu olmayan şadlıq evinin fəaliyyətinə icazə verilməməlidir.
Günel CƏLİLOVA