44 günlük Vətən müharibəsində dağlar diyarı Lerik rayonundan da düşmənə qarşı son nəfəsinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalan qəhrəman oğullar çoxdur. Mövlanovlar ailəsindən isə iki polad biləkli, dağ vüqarlı qardaş - Elgün və Altay torpaq uğrunda igidlik göstərərək canlarını doğma Azərbaycana fəda etmişlər.
Leriklilər öz şəhid övladlarını ürəklərində yaşatmaqla həmişə onların adlarını uca tutur. İndi rayonda şəhidlərin müqəddəsliyini yaşadan xatirə yerləri əhalinin ziyarətgahına dönüb. Lerik şəhərində adamların ən çox olduğu, gözə dəyən yaraşıqlı guşəsində Elgün və Altay Mövlanov qardaşlarının əziz xatirəsinə bulaq kompleksi inşa olunub. Bu igid qardaşların əzəmətinə layiq kompleksin açılışı olduqca möhtəşəm keçdi.
Şəhidlər bulağının ziyarətinə gələnlər onun önünə tər gül-çiçəklər düzüb, əklillər qoydular. Dövlət Himini səsləndi, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğulların əziz xatirəsi bir dəqiqlik sükutla anıldı. Sonra rayon icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev çıxış etdi. O dedi: - 44 gün çəkən İkinci Qarabağ müharibəsi ölkəmizin hərb tarixində ən parlaq, ən şanlı səhifə kimi yaddaşlara yazıldı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın müzəffər ordusu Ermənistanı darmadağın edərək öz əzəli torpaqlarına azadlıq gətirdi. Bu şanlı zəfərimizdə Mövlanov qardaşları da özünəməxsus hünər göstəriblər. Məhz buna görə də qardaşlar Vətən yolunda şəhid olamaqla əbədi bir ömür qazandılar.
Çıxışını bitirən C.Baxşıyev Altay Tahir oğlunun ölümündən sonra layiq görüldüyü "Fizulinin azad olunmasına görə" medalını şəhidin atasına təqdim etdi.
Tədbir iştirakçılardan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lerik rayon Şöbəsinin rəisi A.Həsənov, Lerik Rayon Heydər Əliyev Mərkəzinin direktoru H.Abbasov, Vətən Müharibəsi Qəhrəmanı Amid Heydərovun atası R.Heydərov, Vətən müharibəsi İştirakçısı N.Əhədov, şəhər 2 saylı məktəbin müəllimi H.Quliyev, Elgün və Altayın atası Tahir, anası Sevda xanım və əmiləri Mahir Mövlanov şəhid qardaşların qısa, olduqca mənalı, şərəfli həyat yolundan, Vətən müharibəsində şücaətindən böyük qürurla danışdılar. O da bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın tərəfindən şəhid ailələrinə daimi diqqət və qayğı göstərilir.
Açılış mərasiminə məktəblilərin ifasında səslənən şəhidlərə və qələbəmizə həsr olunmuş şerlərlə yekun vuruldu.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü