Nüfuzlu beynəlxalq reytinq agentlikləri mütəmadi olaraq dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayır. Son zamanlar tərtib olunan siyahılarda Azərbaycanın üç ali təhsil müəssisənin adı qeyd olunur. ADA, Bakı Ali Neft Məktəbi və UNEC beynəlxalq agentliklərin siyahısında yer alır. Bu universitetlər Azərbaycanın ən qabaqcıl və öndə gedən universitetləri siyahısında yer alır. Araşdırmalara görə, yüksək bal toplayan tələbələrinin əksəriyyəti ADA, Bakı Ali Neft Məktəbi və UNEC-i seçir.
Ancaq vaxtilə Azərbaycanda ən prestijli universiteti kimi tanına Bakı Dövlət Universiteti, nədənsə, reytinq cədvəllərində yüksələ bilmir. Maraqlıdır, adıçəkilən təhsil ocağının reytinq siyahısında önə çıxa bilməməsinin səbəbi nə ilə bağlıdır?
“İşə götürülənlər savadlı yox, universitet rəhbərinin qohumu olurdu, bu səbəbdən tədris mühiti öldü, nəticədə...”
Təhsil eksperti Kamran Əsədov bildirdi ki, dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir: “Ali təhsil müəssisələrinin dünya reytinqində yer alması üçün bir neçə vacib nüans var. İlk şərt belə müəssisələrin xaricdən qəbul etdiyi tələbə sayıdır”.
Həmsöhbətimiz, Bakı Dövlət Universitetinin reytinqlərdə ön sırada olmamasına gəlincə, bildirdi ki, bunun müəyyən səbəbləri var: “Azərbaycanda yüz illik tarixi olan bir universitet 2005-2018- ci illərdə özünün çöküş dövrünü yaşadı. 2018-ci ildən sonra BDU dirçəlməyə başladı. Azərbaycanda həm sovet, həm müstəqillik dövründə ən savadlı kadrları Bakı Dövlət Universiteti yetişdirib. Universitetin çökməsinin əsas səbəbi korrupsiya, rüşvətxorluq idi. Eyni zamanda işə götürülənlər savadlı yox, universitet rəhbərinin qohumu olurdu. Bu səbəbdən tədris mühiti ölmüşdü. Nəticədə ölkədə və dünya reytinqində səviyyəsi çox aşağı düşdü. 2019-cı ildən etibarən dağıdılmış imicin bərpasına başlanıldı. Hesab edirəm ki, BDU yenidən özünü tənzimləyəcək və yenidən ölkənin prestijli universiteti olacaq”.
Günel CƏLİLOVA