Ölkəmizdə koronavirusa yoluxanların sayı bir neçə ay öncə azalsa da, artıq yenidən artım müşahihə olunmağa başlayıb. Yeni yoluxanların sayı getdikcə dördrəqəmli səviyyəyə çatıb. Cəmiyyətdə yenidən sərt karantin tədbirlərinin tətbiq olunacağı və hətta qapanma qorxusu var.
Mütəxəssislər koronavirusa yoluxma sayında artımın səbəbini əsasən “Delta” ştammının sürətlə yayılması ilə əlaqələndirir.
Koronavirusa yoluxanların sayının 1000-i keçməsi əhali arasında narahatlığa səbəb olub. Təhlükəsizlik üçün nə kimi tədbirlər görülməlidir?
“Yay fəslində virusa yoluxma sayının artması payızda daha çıxılmaz vəziyyətə gətirib çıxara bilər”
Həkim ekspert Rasif Bağırov bildirdi ki, ölkəmizdə COVID-19-a yoluxmada artım yeni ştammla əlaqəlidir: “Koronavirusun yeni ştammı daha sürətlə yayılır. Bu səbəbdən də əhalinin sürətlə vaksinasiyası tövsiyə olunurdu. “Delta” ştammının sürətlə yayılması səbəbindən qorunma tədbirlərinə əməl edilməlidir. Təmas qaydalarına əməl edilmədiyi müddətdə yoluxmada artım dinamikası müşahidə olunacaq. İnsanlar sosial məsafəni gözləməli, əl gigiyenasına əməl etməli, mütləq şəkildə qapalı məkanlarda tibbi maskadan istifadə etməlidir. Əgər peyvəndlənmə sayı ilə bərabər bu qaydalara əməl edilməsə, yoluxma sayının azalmasına nail olmaq mümkün olmayacaq”.
Həmsöhbətimiz hesab edir ki, yoluxma sayının artmasında toyların da rolu var: “Kütləvi şənliklərə icazə verildikdən sonra yoluxma sayı artmağa başladı. Çünki toylarda maska taxmaq mümkün deyil və sosial məsafə qorunmur. Bu da xəstəliyin yayılma tempinə təsir edir”.
Ekspert onu da əlavə etdi ki, yay fəslində virusa yoluxma sayının artması payızda daha çıxılmaz vəziyyətə gətirib çıxara bilər: “Yay fəslində yeni növ koronavirusa yoluxma dördrəqəmli həddə yaxınlaşıbsa, payızda respirator xəstəliklərin baş qaldırması, insanların immun sisteminin zəifləməsi ilə bağlı vəziyyət daha da pisləşə bilər. Biz yeni tədris ilinə ənənəvi qayda ilə başlamaq üçün qaydalara əməl etməliyik ki, yoluxma sayı kəskin artmasın”.
Günel CƏLİLOVA