Mən bu günlərdə Lerik rayonunun Bürsülüm adlanan ərazisində olduğum zaman bir daha bunun şahidi oldum. Məlumat üçün deyim ki, ərazi 6 dağ kəndini birləşdirir.
Hər kənd də özünəməxsus gözəl və məftunedici mənzərələrə malikdir. Kəndlərdə olan təbiət mənzərələri insana yalnız yüksək əhval-ruhiyyə gətirir. Qaldı ki, buranın əhalisi ölkədə “Elektron hökumət” layihəsi çərçivəsində reallaşan bankomatın xidmətindən istifadə edə bilmir. Hətta bu mütərəqqi üsul yarandığı gündən ağır bir problemlə üz-üzə qalıblar. Ən çox da yaşlı adamlar əziyyət çəkir.
Doğrudur, ərazidən təqribən 16 kilometr aralıda yerləşən Piran kəndində “Kapital Banka” məxsus bankomat var, amma ictimai nəqliyyatın yoxluğu üzündən qocalar oraya düşüb öz pensiya pullarını götürə bilmirlər. Qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlar isə elə bir qiymət deyirlər ki, adamın onu verməyə sadəcə gücü çatmır. Dövlətin yaratdığı bu rahatlıq çoxdan Siyov, Daster, Conu ərazilərində də əziyyətli problemə dönüb camaatı narahat edir.
Vəziyyət əlaqədar təşkilatlara məlumdur. Hələlik sözügedən istiqamətdə qocalara kömək əlini uzadan tapılmır. Onlar da inkişaf etmiş, gündən-günə çiçəklənən bir respublikanın vətəndaşı olmaqla aylarla öz halal pensiyalarının üzünə həsrət qalırlar. İndi təkcə ümid qalır hər bir vətəndaşın Prezidenti olan ölkə başçısına. Çünki əhali öz Prezidentini sevir, ona ürəkdən inanır.
Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü