Dövlət İmtahan Mərkəzi qruplar üzrə keçirilən qəbul imtahanları ilə bağlı statistik göstəriciləri açıqlayıb. Ötən illərdən fərqli olaraq, bu il qəbul imtahanında yüksək bal toplayan abituriyentlərin sayı az olub.
Az bal toplayan abituriyentlərin sayının çox olması bəzi işbazlar üçün əsl fürsət olub. Belə ki, İnstagramda “hacking_marks'' adlı haker səhifəsi qəbul və buraxılış imtahanlarında az bal yığanlara maraqlı təkliflər edir.
Səhifədəki paylaşımda bildirilir ki, xüsusi haker proqramı ilə az bal yığan abituriyentlərin balları sistemdə artırılır.
O da qeyd edilir ki, onlar təkcə qəbul və buraxılış imtahanları deyil, MİQ, YÖS və dövlət qulluğuna qəbul imtahanlarında zəif nəticə göstərənlərin də ballarını artırırlar. Təbii ki, “hacking_marks'' adlı haker səhifəsi bu işi pul qarşılığında edir. Xidmət haqqı isə 100 manatdır. Səhifəyə nəzər salanda görünür ki, saxta yolla balını artırmaq istəyən gənclər yetərincədir.
Məlumata görə, “hacking_marks'' adlı xaker səhifəsi qrup şəklində fəaliyyət göstərir. Qrupda bu işlə məşğul olanlar isə yetərincədir. Onlar az bal yığmış abituriyentə balını yüksəltmək vədi verir. Bu tip şirnikləndirici vədlərin qurbanı olanlar da az deyil.
“Az bal yığan şəxslərin bu cür şirnikləndirici elanlara aldanma risqi daha çoxdur, onlar ümid edir ki…”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov qeyd etdi ki, ballara hər hansı bir müdaxilə, hansısa proqram vasitəsilə balların artırılması mümkün deyil. O, həmçinin bu həssas dönəmdə, xüsusilə az bal toplayan abituriyentlərin valideynlərinə diqqətli olmağı, övladlarını nəzarətdə saxlamağı tövsiyə etdi: “Çünki az bal yığan şəxslərin bu cür şirnikləndirici elanlara aldanma risqi daha çoxdur. Onlar ümid edir ki, bu yolla balları artacaq və onlar tələbə adını qazanacaqlar”.
K.Əsədov təəssüf hissi ilə qeyd etdi ki, bəzi şəxslər bu cür dəstələrin qurbanı olur: “Belə şəxslərə kart şəkli və ya şəxsi məlumatları göndərmək düzgün deyil. Əks halda maddi və mənəvi ziyanla üzləşə bilərlər”.
Günel CƏLİLOVA