R.Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyin növbəti tədbiri Tovuz döyüşləri zamanı şəhid olmuş igid Vətən övladlarının xatirəsinin yad olunması məqsədilə 27 iyun tarixində açılmış “Unudulmaz tarix” adlı sərginin bağlanış mərasimindən irəli gəlirdi.
Mədəniyyət işçilərinin, Masallı Regional ASAN Xidmət Mərkəzinin könüllülərin, şəhid anası Ziba Əsgərli və jurnalist Gülsüm Adilqızının qatıldığı tədbirdə bütün karantin qaydaları gözlənilirdi. Tədbir torpaqlarımız uğrunda canından keçmiş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başladı.
Muzeyin direktoru Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq sərgi haqqında məlumat verdi. O bildirdi ki, ötən il baş vermiş Tovuz döyüşlərində qəhrəmanlıq göstərən igidlərin hünəri sayəsində düşmən təxribatlarının qarşısı layiqincə alındı. Bununla da, Qarabağda qazandığımız tarixi zəfərimizin əsası qoyuldu. Sərgilərin nümayişi şəhidlərin ruhuna və qazi olanlara göstərilən ehtiramla bağlıdır. Bəli, igid Vətən övladların torpaq uğrunda göstərdikləri qəhrəmanlığın tarixdə əbədi olaraq yaşaması üçün çalışmaq ən azı bizim vətəndaşlıq borcumuzdur.
Rəssam Sevda Əliyevanın çıxışı da iştirakçılar tərəfindən diqqətlə dinlənildi. O, Polad Həşimovun portretini yaradarkən yaşadığı kədərli anları çox kövrək bir halda dilə gətirdi. Şəhid anası Ziba Əsgərli və jurnalist Gülsüm Adilqızı şəhid Vətən oğulları ilə iftixar duyduğunu dedilər. O da vurğulandı ki, Vətən yolunda şəhid olan övladların atdığı addım, getdikləri şərəfli yol bizim üçün müqəddəsdir.
Başqa danışanlar isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun müharibədə möhtəşəm qələbəsindən söz açdılar.
Tədbirin sonunda sərgidə əsərləri ilə iştiraklarına görə rəssamlar E.Məmmədov və S.Əliyeva muzeyin Fəxri fərmanına layiq görüldülər. Jurnalist G.Adilqızı isə şəhidlərin xatirəsinə ithaf etdiyi “Murad ömrü”, “Şəhidlik zirvəsinin fatehləri” və “Vətən salnaməsinin qəhrəmanları” adlı kitablarını hədiyyə kimi muzeyə bağışladı. Zəfər ORUCOĞLU Azərbaycan Jurnalistlər Birliyinin üzvü