Son zamanlar bir çox vətəndaşlar qəribə vəziyyətlə qarşılaşıblar. Belə ki, çoxları deyir ki, tanımadıqları nomrələrdən onlara zəng gəlir, telefonu açırlar, amma zəng edənlər danışmır. Nömrələr açıq görsənsə də, geriyə zəng qəbul etmir. Araşdırma zamanı onların kimə məxsus olduğunu öyrənmək mümkün olmur.
Hətta nömrələrin kimin adına qeydiyyatda olduğunu müəyyən edən xüsusi proqramlar da onların adlarını aşkarlaya bimir, beləliklə zəngin kimdən gəldiyini müəyyənləşdirmək çətin olur. Belə zənglərlə üzləşən vətəndaşların əksəriyyəti hesab edir ki, bu bir təxribat ola bilər, bəziləri isə bunu təsadüf sayır. Hətta bunu xarici kəşfiyyat orqanlarının bizim insanların telefonlarına müdaxiləsi kimi qiymətləndirənlər də var. Ortada bir qeyri-müəyyənlik var və bunun aydınlaşdırılması vacibdir.
Burada hər hansı bir təxribatdan söhbət gedə bilərmi? Vətəndaşın panikaya düşməsinə nə dərəcədə əsas var?
Bunu araşdırmaq məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət etdik. Nazirlikdən bildirdilər ki, bu istiqamətdə araşdırma apardıqdan sonra sorğumuza cavab verəcəklər.
Bəzi ekspertlər deyir ki, bu zənglər, xüsusən də Vətən müharibəsi dövründə intensive xarakter almışdı.
“İnsanlarımız çox diqqətli olmalıdır”
Siyasi şərhçi Azər Həsrət bizimlə söhbətində bildirdi ki, bu halla o özü də qarşılaşıb. A.Həsrət hesab edir ki, bu məsələyə laqeyd yanaşılmamalıdır və aidiyyəti dövlət qurumları bu problemi nəzarətdə saxlamalıdır: “Mənim özümə də bir neçə dəfə tanımadığım açıq nömrələrdən zənglər gəlib. Düzdür, bu əvvəl baş verib. Xəbərdarlıqları nəzərə almaq lazımdı. Bilirsiz ki, uzun müddətdir Azərbaycanda da rəsmən xəbərdarlıq edilirdi ki, tanımadığınız açıq nömrələrdən, xüsusən də xarici ölkələrdən gələn zənglərə cavab verməyin. Bəzən həmin zəngə cavab veriləndə hesabdan bəlli məbləğdə pul çıxılır, yaxud müəyyən şəxslər bu yolla əlaqəyə keçir, şəxsi bilgilərlə, bank kartları və sairlə bağlı informasiyaları əldə etməyə cəhd göstərirlər. Bu zənglər müxtəlif məqsədlərlə edilə bilər, başlıcası isə təxtibat xarakterli olması istisna deyil. Ona görə də, istənilən şəxs bu məsələdə hər şeydən öncə özünə güvənməlidir, özü özünü qorumağa çalışmalıdır. Tutaq ki, sizin ABŞ-da bir qohumunuz, tanışınız, yaxınınız yaşamırsa və oradan sizə zəng gəlirsə, bu sizi təəccübləndirməlidir və siz o zəngə cavab verməməlisiniz. Belə yanaşmaq lazımdır. Bu baxımdan dövlət qurumlarının da üzərinə müəyyən vəzifələr düşür. Çünki indi hamı çağdaş texnoloji imkanları yetərincə mənimsəyə bilmir. Olur ki, adamlara bu şəkildə zənglər gəlir, özləri barədə düşünmədən informasiya verə bilirlər, şəxsi bilgilər də, dövlət sirri də ola bilər. Hər cür informasiya ola bilər. Diqqətli olmaq lazımdır. Bu cür təxribatları yalnız mobil telefon vasitəsilə deyil, elektron poçt vasitəsilə də edirlər”.
A.Həsrət deyir ki, bu müraciətlər, xüsusən də xarici vətəndaşların adından gəlir, guya həmin vətəndaşın böyük məbnləğdə pulu var, o pulu bizim hesabımıza köçürüb nağdlaşdırmaq istəyir və sair. “Bunlar hamısı fırıldaqdı, aldatmadır. İnsanlarımız çox diqqətli olmalıdır”-deyə A.Həsrət qeyd etdi.
İradə SARIYEVA