Qəbələ rayonunun Quşlar kəndinin sakinləri işıq, qaz və su sarıdan əziyyət çəkir. Məlumat üçün bildirək ki, kənd coğrafi mövqeyinə görə yüksəklikdə yerləşir. Burada mövcud olan qədim artezianlar quruyub və istifadəyə yararsız vəziyyətdədir. Çarəsiz qalan sakinlər su ehtiyaclarını təmin etmək üçün isti havalarda uzaq məsafələrdən su daşıyırlar.
Təbii ki, əllə və ya maşınla gətirilən su sakinlərin ehtiyacını ödəmir. Həmçinin, quruyan su quyuları kənd sakinlərinin min bir əziyyətlə əkib-becərdiyi bostan sahələrinin məhvinə səbəb olur. Adıçəkilən kəndin problem tək su ilə bitmir. Belə ki, 1961-ci ildə çəkilən elektrik xətləri istifadə müddətini başa vurduğu üçün külək əsən kimi naqillərdə qısaqapanma baş verir.
Sakinlər deyir ki, nəticədə məişətdə istifadə etdikləri avadanlıqlar yanaraq sıradan çıxır. Sakinlər mavi yanacaq sarıdan da əziyyət çəkir. Qış aylarında sakinlər evlərini qızdırmaq üçün odundan istifadə edir. Təbii ki, qırılan meşələr isə təbiətə vurulan ən böyük zərbədir.
“Azəriqaz”ASC: “Qəbələ rayonunun Quşlar kəndində də növbəti illərdə paylayıcı küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulur”
Kəndin problemi ilə bağlı “Azəriqaz” ASC-dən bildirildi ki, qazlaşdırma proqramı “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində maliyyə imkanlarına uyğun şəkildə həyata keçirilir: “Qəbələ rayonunun Quşlar kəndində də növbəti illərdə paylayıcı küçə qaz xətlərinin çəkilməsi nəzərdə tutulur”.
Suvarma sistemləri idarəsi - Qurbanəli Dadaşov: “Növbəlilik qrafiki əsasında kəndlərə su verilir”
Suvarma sistemləri idarəsinin sahə rəisi Qurbanəli Dadaşov bildirdi ki, növbəlilik qrafiki əsasında kəndlərə su verilir: “İyun ayının 10-dan sonra sularda azalma yaşandığı üçün kəndlərə su qrafik əsasında verilir. Bacardığımız qədər çalışırıq ki, qrafiqdə nəzərdə tutulan gündə kənd su ilə tam şəkildə təmin olsun”.
Qeyd etdiyimiz kimi, kənddə işıq problem də yaşanır.
“Azərişıq”ASC: “Yaxın zamanlarda yenidənqurma işlərinə start veriləcək”
“Azərişıq” ASC-dən bildirildi ki, kəndin layihələndirilməsi hazırdır: “Yaxın zamanlarda yenidənqurma işlərinə start veriləcək”.
Günel CƏLİLOVA