Bu günlərdə Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Qanun layihəsinin müzakirəsi zamanı təhsil naziri Emin Əmrullayev bildirib ki, qəbul zamanı testə düşən suallarla bağlı bəzi məqamlar narahatlıq yaradır.
Maraqlıdır, qəbul zamanı testə düşən hansı tip suallar narahatlıq yaradır?
“...şagirdlər tərəfindən anlaşıla bilmir”
Məsələ ilə bağlı fikir bildirən təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində qeyd etdi ki, Azərbaycan dövləti dünyada təhsilə diqqət göstərən və təhsil islahatlarına çevik reaksiya verən ilk on ölkədən biridir: “Amma bunun qarşılığında təhsildə istənilən keyfiyyəti hələ də ala bilmirik. Hələ də orta ümumtəhsil məktəbləri arasında oxuma, yazma vərdişləri zəif olan, digər bilik, bacarıqlara yiyələnməyən şagirdlərimiz var. Təhsilimizlə bağlı yeganə mənbə kimi Dövlət İmtahan Mərkəzinin təhlillərini götürürük. Bunun başqa alternativi yoxdur ki, onunla müqayisə aparaq. Dövlət İmtahan Mərkəzinin nəticələri onu göstərir ki, orta məktəblərdə təhsil keyfiyyətli təşkil edilmir, şagirdlər bilik və bacarıqlar əldə etməkdə çətinlik çəkirlər. Təhsil naziri Emin Əmrullayev Milli Məclisdəki çıxışında ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri, eyni zamanda, qəbul imtahanlarında istifadə edilən test tapşırıqları ilə bağlı narahatlığını ifadə edib. Hesab edirəm ki, nazir müəyyən qədər haqlıdır. Orta ümumtəhsil məktəblərini bitirmiş şəxslərin hamısı eyni bilik və bacarıqlara malik deyillər, amma onlara tam peşəkar səviyyədə test tapşırıqları təqdim edirlər.
Hesab edirəm ki, təhsil naziri sualların səviyyəsindən haqlı olaraq narahatdır. DİM tərəfindən təqdim edilən test tapşırıqları orta ümumtəhsil məktəblərindəki dərsliklərdən istifadə edilərək yazıla bilər. Ancaq burada sualların modelləri orta ümumtəhsil məktəblərindəki işlənmiş modellər deyil. Bu ona görədir ki, təqdim edilən test tapşırıqlarının ağırlıq səviyyəsi, eyni zamanda, test tapşırıqlarının distraktorları tam olaraq şagirdlər tərəfindən anlaşıla bilmir. Həmçinin, bir neçə ildir test tapşırıqlarının bir qismi xarici dil fənnindən dinləmə mətnləridir. Etiraf edək ki, bizim məktəblərdə linqivistik aparatlardan istifadə bacarıqları o qədər də qənaətbəxş deyil”.
Günel CƏLİLOVA