Dünya aylardır qlobal pandemiya ilə mübarizə aparır. Yer kürəsinin hər yerində tüğyan edən yeni tip koronavirusun - COVID-19-un yayılmasının qarşısının alınması məqsədilə çoxsaylı tədbir həyata keçirilir. Lakin hələ də ölkələr bu virus qarşısında aciz durumda qalıblar. İnfeksiya daha da güclənir, yoluxma halları rekord həddə çatır.
Məlumat üçün bildirək ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 41 milyon 105 min 111 nəfərdir. İndiyədək 1 milyon 130 min 619 nəfər koronavirusdan dünyasını dəyişib. Müalicə alaraq sağalanların sayı isə 30 milyon 659 min 593 nəfərdir.
Dünyada COVİD-19-a gündəlik yoluxma sayında artım olsa da, ölüm sayı ilə bağlı statistikada əksi yaşanır. Belə ki, aprel ayında dünyada 1 gündə koronavirusa yoluxanların sayı 80-100 min nəfər idisə, hazırda bu rəqəm 300-400 min arasındadır.
Dünya ölkələri arasında ən çox yoluxma halı ABŞ-dadır. Supergüc ölkə aylardır koronavirusdan əziyyət çəkir və hələ də bunun qarşısını almaqda acizdir. Oktyabrın 20-də ABŞ-da 62 min 72 adam yoluxub, 952 adam isə dünyasını dəyişib. İndiyə qədər ABŞ-da 8 milyon 520 min 950 nəfər koronavirusa yoluxub.
Dünyada yoluxma sayına görə ikinci yerdə Hindistan gəlir. Bu ölkədə də yuxarıda qeyd etdiyimiz tarixdə 54 min 422 nəfər yoluxub, 714 nəfər ölüb. Cədvəldə üçüncü olan Braziliyada 20 oktyabrda 23 min 690 nəfər yoluxub, 662 nəfər isə dünyasını dəyişib.
Son zamanlar Azərbaycanda da koronavirusa yoluxma artan temp üzrə gedir. Belə ki, Azərbaycanda oktyabrın 21-də koronavirus infeksiyasına yeni 714 yoluxma faktı qeydə alınıb. Oktyabrın 22-də isə ölkə ərazisində koronavirus infeksiyasına 825 yeni yoluxma faktı qeydə alınıb, 171 nəfər müalicə olunaraq evə buraxılıb, 7 nəfər isə vəfat edib.
Yoluxma sayının sürətlə artması yenidən sərt karantin rejiminin tətbiq olunmasına, qapanmaya səbəb ola bilərmi?
“Avqustun sonu-sentyabrın əvvəlində virusa yoluxma sayında azalmanın müşahidə edilməsi də məhz karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı olub”
Həkim, professor Adil Qeybulla bizimlə söhbətində qeyd etdi k, koronavirusa yoluxma sayında artımın müşahidə edilmə səbəbi insanların karantin qaydalarını ciddiyə almamasıdır: “Qarabağ savaşından sonra isə, ümumiyyətlə, bu məsələ arxa plana keçdi. Rayonlara gediş-gəliş artdı, qapalı yerlərdə, ictimai nəqliyyatda insanlar karantin qaydalarına əməl etməməyə başladı. Təəssüf ki, bu vəziyyət ürəkaçan deyil. Azərbaycan müharibə şəraitindədir. Virusun ön cəbhəyə sirayət etməsi ümumi işimizə xeyli ziyan vura bilər. Buna görə də mən hesab edirəm ki, xüsusilə qapalı məkanlarda karantin davranışları çox sərt olmalıdır. Müəyyən sərtləşmələr olacaq, bizim başqa əlacımız yoxdur”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, avqustun sonu-sentyabrın əvvəlində virusa yoluxma sayında azalmanın müşahidə edilməsi də məhz karantin qaydalarının sərtləşdirilməsi ilə bağlı olub.
Həkim hesab edir ki, karantin qaydalarında yenidən müəyyən sərtləşmə olsa, ilin sonuna tendensiya aşağı düşə bilər.
Günel CƏLİLOVA