04/04/2020 13:48
728 x 90

Berlində izdihamlı Xocalı mitinqi erməniləri zəif əks addıma sövq etdi – Vyanadakı aksiyada ermənilərin payladığı kitabları yerə atanlar oldu

Arzuxan Əlizadə: “Ermənilər narahatdırlar ki, proseslər bu gedişlə gedərsə, o zaman daha çox ölkə Xocalı həqiqətləri ilə tanış olacaq”

img

Məlum olduğu kimi, azərbaycanlılar fevralın 22-də Berlində Xocalı soyqırımı ilə bağlı möhtəşəm mitinq keçirdilər. Sözügedən mitinq çox uğurlu alındı.

Bununla belə, eyni gündə ermənilər Avstriyanın paytaxtı Vyanada anti-Azərbaycan yürüş-mitinqini keçiriblər. Tədbirdə Ermənistanın və Dağlıq Qarabağ separatçılarının “bayraqları” dalğalanıb. Erməni lobbisi Xocalı soyqırımının beynəlxalq aləmdə tanınmasının təsirini azaltmaq üçün “Bakıda və Sumqayıtda ermənilərin etnik təmizlənməsinin 30 illiyi” adı altında Vyanada aksiya keçirib. Ancaq sözügedən aksiya azərbaycanlıların Berlində keçirilən mitinqi ilə müqayisədə çox uğursuz olub.

Hər il Xocalı soyqırımı günü yaxınlaşdıqca, Azərbaycanda və bir sıra ölkələrdə anım tədbirləri keçirilir. Son illər onlarla ölkənin parlamentində Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul edilib. Bütün bunlar Ermənistanı və erməni lobbisini ciddi şəkildə narahat edir. Ona görə də Vyanada ermənilər sözügedən aksiyanı keçirdilər. Bunun üçün müxtəlif vasitələrə əl atdılar. Ancaq ermənilərin Vyanada keçirdikləri aksiya Avstrya vətəndaşları üçün maraqlı olmadı. Adətən ermənilər qondarma “erməni soyqırımı” ilə bağlı tədbirlər keçirirdilər. Bunun artıq dünya üçün maraqlı olmadığını görüb yeni metoda əl atıblar. Lakin onların bu metodu da effekt vermir. Məsələ ondadır ki, Vyanadaki aksiyada ermənilər özlərindən uydurduqları təbliğat xarakterli kitablar paylayıblar. Rusiya mətbuatının yazdığına görə, Vyana sakinləri üçün bu kitablar maraqlı olmayıb. Bir çoxu həmin kitabları yerə atıb.

  • “Artıq Avropa ölkələrinin sakinləri əvvəlki kimi erməni yalanlarının təsiri altına düşmürlər”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, bütün bunlar onu göstərir ki, ermənilər əvvəlki kimi dünya ölkələrini öz yalanlarına inandıra bilmirlər: “Onlar, bütövlükdə, Xocalı soyqırımının dünyada tanınmasından narahatdırlar. Bəlli olduğu kimi, neçə ildir Azərbaycan bu istiqamətdə iş aparır. Dünyanın bir sıra ölkələrinin parlamentləri Xocalı soyqırımı ilə bağlı sənədlər qəbul edib. ABŞ-ın bəzi ştatlarının bununla bağlı qəbul etdiyə qərarlar var. Berlində də, məlum olduğu kimi, azərbaycanlılar böyük mitinq keçirdilər. Ermənilər narahatdırlar ki, proseslər bu gedişlə gedərsə, o zaman daha çox ölkə Xocalı həqiqətləri ilə tanış olacaq. O zaman kimlərin əsl soyqırıma məruz qalması dünya ictimaiyyətinə bəlli olacaq. Bu səbəbdən ermənilər Vyanada aksiya keçirməklə Xocalı həqiqətlərinin Avropada yayılmasını önləmək istədilər. Ancaq onların bu cəhdi alınmadı. Vyanada keçirdikləri qondarma aksiya azərbaycanlıların Berlindəki böyük Xocalı mitinqi ilə müqayisədə çox uğursuz təsir bağışladı. Belə məlum olur ki, artıq Avropa ölkələrinin sakinləri əvvəlki kimi erməni yalanlarının təsiri altına düşmürlər. Bu səbəbdən onlar öz xəbis məqsədlərinə bu dəfə çata bilmədilər”.

Vidadi ORDAHALLI

Son xəbərlər