10/07/2020 05:15
728 x 90

Seçki günü Azərbaycanda bir jurnalistə zorakılıq edildimi – “Freedom House”un ağ yalanı...

Yadigar Məmmədli: “Jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirməklə bağlı fiziki zor tətbiq edilsəydi...”

img

Bəlli olduğu kimi, hər dəfə Azərbaycanda keçirilən seçkiləri ənənəvi olaraq bəzi təşkilatlar tənqid edirlər. Bütün vasitələrlə seçkini ancaq boz rəngdə təqdim edirlər. Bütün müsbət tərəfləri görməzdən gəlirlər. Bu dəfə də bəzi təşkilatlar belə mövqedən çıxış etdilər.

Bu arada “Freedom House” və “ Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı bildirib ki, guya seçki günü KİV işçiləri fiziki zorakılığa məruz qalıblar. Guya Azərbaycan hakimiyyəti jurnalist plüralizmini məhv edir. Hakimiyyət bu zorakılıqda günahkar olanları məsuliyyətə cəlb etməlidir. Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirən deputatlığa namizədləri guya zorla dağıdıblar, bəzi jurnalistlər qaça bilib, lakin onlardan xeylisi saxlanıb və döyülüb. Guya yeddi qadın jurnalist polis tərəfindən döyülüb, onların kameraları və telefonları götürülüb, seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktı qeydə alınıb.

Göründüyü kimi, qərəz və yalan ortadadır. Məgər seçki günü və ondan sonra KİV təmsilçiləri fiziki zorakılığa məruz qalıblar? Belədirsə, onda necə olur ki, bunu heç kəs görmür? Həqiqətən də media təmsilçilərinə qarşı fiziki zorakılıq tətbiq edilsəydi, o zaman bunu gizlətmək mümkün olmazdı. Açıq-aydın görünür ki, bir sıra təşkilatlar məqsədli şəkildə belə yalan informasiyalar uydururlar. Məqsəd Azərbaycanda media azadlığının olmadığı barədə saxta rəy yaratmaqdır.

  • “Bu, sadəcə, həmin təşkilatların Azərbaycana qarşı qərəzli münasibətindən doğan yanaşmadır”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən Demokratik Jurnalistlər Liqasının rəhbəri Yadigar Məmmədlinin sözlərinə görə, bu, məlum təşkilatların Azərbaycana yönəlik növbəti qərəzli münasibətidir: “Seçki ilə bağlı çoxsaylı məlumat həm sosial şəbəkələrdə, həm də media orqanlarında yayılıb. Doğrudan da, deyildiyi kimi, jurnalistlərə öz peşə fəaliyyətini həyata keçirməklə bağlı maneələr olsaydı, onlara fiziki zor tətbiq edilsəydi, o zaman bununla əlaqədar ortada sübutlar olardı. Nəzərə almaq lazımdır ki, internet saytlarında, sosial şəbəkələrdə çoxsaylı material yerləşdirilib. Telekanallar seçki prosesinə geniş yer verib. Bütün bunlar onu göstərir ki, deyilənlər reallığı əks etdirmir. Səslənən fikirlər həqiqətə uyğun deyil. Bu, sadəcə, həmin təşkilatların Azərbaycana qarşı qərəzli münasibətindən doğan yanaşmadır. Nə qədər müsbət meyllər olsa da, yenə də öz amplualarındadırlar. Əslində, baş verən hadisəni yox, öz arzuladıqlarını hər zaman büruzə verirlər. Bu da təəssüf doğurur. Hesab edirəm ki, sözügedən fikirlər həqiqəti əks etdirmir”.

Vidadi ORDAHALLI

Son xəbərlər