Suriyanın şimalında Türkiyə-ABŞ alyansı - Rusiya-Türkiyə ünsiyyəti yeni sınaqda...

Türkiyə və Birləşmiş Ştatlar Suriyanın şimalında planlaşdırılmış təhlükəsizlik zonasında əməliyyatların koordinasiya və onlara nəzarət edilməsi məqsədilə birgə əməliyyat mərkəzi yaratmaq haqda razılıq əldə ediblər.
Ankarada üç gün sürən danışıqlardan sonra iki ölkə Suriyanın şimalında Türkiyə ilə sərhəddə təhlükəsizlik zonasının “sülh dəhlizi” olacağını və müharibə nəticəsində məcburi köçkün olmuş suriyalıların vətənlərinə qayıtması üçün bütün səylərin göstəriləcəyini bildirib. Razılığın əldə edildiyi həm Türkiyənin Müdafiə Nazirliyi, həm də ABŞ-ın Ankaradakı səfirliyinin ayrı-ayrı verdiyi bəyanatlarda açıqlanıb.
Bəyanatların heç birində Vaşinqton və Ankara arasında əsas fikir ayrılığına səbəb olan məsələlərin həll edilib-edilmədiyi ilə bağlı bir söz deyilmir. Bu da təhlükəsizlik zonasının Suriyanın daxilində nə qədər uzanması və ərazidə patrul edən qüvvələrə kimin komandanlıq etməsi məsələləridir. Suriyanın şimalında yaranan yeni alyans hansı yenilikləri vəd edir?
- Məhəmməd Əsədullazadə: “Ankara-Moskva tandemi Cənubi Qafqazda Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər”
Politoloq Məhəmməd Əsədullazadə qəzetimizə bildirdi ki, Türkiyənin YPG/PKK terror təşkilatına qarşı Suriyanın şimalında, Fəratın şərq sahilində planlaşdırdığı əməliyyata Vaşinqton mane ola bilmir: “ABŞ-ın narahatlıq bəyanatlarına baxmayaraq, artıq Ankara ilə Vaşinqton arasında müəyyən razılaşma əldə olunub. Türkiyənin şərti ABŞ-ın YPG terror təşkilatını bu ərazilərdən çıxarması, yaxud hərbi əməliyyatlara mane olmamasıdır. YPG Türkiyəyə qarşı formalaşmış bir terror təşkilatıdır, hədəfi Şimali Suriyada muxtariyyət əldə etməkdir. Həmçinin, möhkəmlənərək Türkiyəyə qarşı terror hücumları həyata keçirməkdir. "Zeytun budağı” əməliyyatından fərqli olaraq, Fəratın şərqində əməliyyat birbaşa Türkiyənin YPG-PKK terror təşkilatına böyük zərbə vurmağı ilə nəticələnəcək və sərhədlərinin təhlükəsizliyi təmin olunacaq. Göründüyü kimi, ABŞ buna imkan vermək istəmir və öz müttəfiqi olan Türkiyə əleyhinə terror təşkilatı ilə əməkdaşlıq edir. Artıq Türkiyə qərarlıdır və öz sərhədlərindən terrorçu təşkilatı uzaqlaşdıracaq. Əldə olunan razılaşma buna xidmət edəcək”.
Politoloq hesab edir ki, Türkiyə regionda bir gücdür və Rusiya ilə birgə Suriyada sülhə, eləcə də öz maraqları çərçivəsində təhlükəsizliyə nail olur: “Ankara-Moskva tandemi Cənubi Qafqazda Qarabağ münaqişəsinin nizamlanmasında da mühüm rol oynaya bilər. Hələ ki, Moskva buna getmir. Əgər Türkiyə aktiv şəkildə problemi Suriya məsələsindən sonra qaldırsa, Moskva-Ankara danışıqları Qarabağ məsələsində müəyyən həll çərçivəsinə gələ bilər”.
Məhəmmədəli QƏRİBLİ