Bir il əvvəl Ermənistanda hakimiyyətin dəyişməsi ölkənin inkişafında dönüşə gətirib çıxarmadı. Paşinyanın populist vədləri ölkə hakimiyyətinin nə Qərblə, nə də Rusiya ilə münasibətlərini yoluna qoya bilmədi.
Təsadüfi deyil ki, “İşıqlı Ermənistan” partiyası fraksiyasının deputatı Arman Babacanyan da bunu etiraf edir. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq, Ermənistan böyük güclərlə əməkdaşlığını inkişaf etdirə bilməyib. Əksinə, son bir il ərzində bu istiqamətdə ciddi problemlər meydana çıxıb. Onun sözlərinə görə, ölkədə inqilabdan sonra xarici siyasətdə hər hansı bir dəyişiklik görünmür, əksinə, vəziyyət Ermənistanın əleyhinə getdikcə pisləşir. Arman Babacanyan vurğulayır ki, bu durum özündə bir çox narahatlıqları ehtiva edir: “Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlama ilə çıxış edərək, Ermənistanın həyati əhəmiyyətə malik bir sıra problemləri, o cümlədən, hazırlanma mərhələsində olan Milli Təhlükəsizlik Strategiyası barədə danışıb. Qriqoryan bəyan edib ki, milli təhlükəsizliyin yeni strategiyasının dayağı Ermənistan Silahlı Qüvvələri hesab ediləcək. Problem ondadır ki, ölkənin təhlükəsizliyi daha çox ordunun döyüş qabiliyyətliliyi və silahla komplektləşdirilməsindən asılıdır”.
Babacanyanın fikrincə, milli təhlükəsizliyin strateji dayaqları iqtisadi, sosial siyasəti təmin edən strategiyalar və ən vacib olan dövlətin xarici siyasət konsepsiyası olmalıdır. Lakin bu sahələrlə bağlı hər hansı strategiya yoxdur.
Ermənistanın milli təhlükəsizliklə bağlı yeni strategiyasında əsas dayağın ordunun hesab edilməsi o deməkdir ki, ölkənin bununla bağlı xarici siyasət kursu fiaskoya uğrayıb. Yəni nə Rusiya, nə də ABŞ-la bu sahədə uğurlu əməkdaşlıq qurmaq mümkün olmayıb. Yeri gəlmişkən onu da qeyd edək ki, əvvəlki strategiyada bu sahədə Rusiya ilə əməkdaşlığa xüsusi önəm verilirdi. O baxımdan yaranan vəziyyəti ekspertlər necə dəyərləndirirlər?
Azad İsazadə: “Zaman-zaman Ermənistanın təhlükəsizlik strategiyası terrorizm üzərində qurulub”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən hərbi ekspert Azad İsazadənin sözlərinə görə, bu, Ermənistanın uğursuz xarici siyasət kursu yeritməsinin əyani göstəricisidir: “Yazılı və yazılmayan qaydalar var. Qəbul olunan strategiya yazılı qaydadır. Ancaq məlumdur ki, quruluşdan asılı olmayaraq, Ermənistanın ətraf bütün ölkələrə ərazi iddiaları var. Buna müxtəlif vasitələrlə nail olmaq istəyirlər. Ermənistanın bəyan etdiyi strategiya real strategiya deyil. Bu, sadəcə, vaxtilə ümid etdikləri, söykənmək istədikləri qüvvələrə bir mesajdır. Biz sizə inanmırıq və sizsiz strategiya qəbul edirik, filan. Aydındır ki, bugünkü Ermənistan ordusu bunların öhdəsindən gələ bilməz. Onlar istəyirlər ki, işğal olunmuş əraziləri necəsə qorusunlar. Ancaq real döyüşlər başlasa, heç ona da nail ola bilməyəcəklər. Ona görə də biz başa düşməliyik ki, deyilənlər, sadəcə, kağız üzərində ağıllı ifadələrdir. Zaman-zaman Ermənistanın təhlükəsizlik strategiyası terrorizm üzərində qurulub. Sadəcə, ermənilər bunu rəsmi bəyan etmirlər. Bax, budur mövcud reallıq”.
Vidadi ORDAHALLI