Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqlarının nəticəsi olmadığı bir vaxtda cəbhədə düşmən tərəfindən atəşkəsin pozulması, təxribatların törədilməsi yenidən intensiv hal almaqdadır.
Məsələn, elə bu günlərdə düşmən tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı təxribat törədib. Döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən atəşə tutulub. Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və Qızıl Aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Qeyd edək ki, “hərbi tibbi yardım” avtomobillərinin atəşə tutulması birbaşa Cenevrə Konvensiyasının pozulmasıdır. Amma erməni tərəfi bunu yenə də nəzərə almır. Bu fonda törədilən təxribatlar isə erməni tərəfinə baha başa gəlir. Belə ki, atəşkəsin pozulmasına cavab olaraq erməni hərbçisi Arman Bulqadaryan Azərbaycan ordusu tərəfindən məhv edilib. Bunun ardınca isə daha bir erməni hərbçi Vladimir Osipyan yaralanıb.
Azərbaycan tərəfi bütün bu baş verənlərə görə məsuliyyətin birmənalı şəkildə təxribatlara əl atan ermənilərin üzərinə düşdüyünü bildirir. Xarici İşlər Nazirliyi qeyd edilən fonda xatırladır ki, bu gün regionda yaşanan gərginliyin, ümumiyyətlə Ermənistan və Azərbaycan arasında “cəbhə bölgəsi”nin mövcud olmasının yeganə səbəbkarı Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini, yəni Dağlıq Qarabağ və ətraf yeddi rayonu hərbi işğal edən Ermənistandır: “Bu məsələdə müxtəlif bəhanələrlə digər günahkarı axtarmaq özü-özünü aldatmaqdan başqa bir şey deyil. Çünki beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk Qrupunun üç üzv ölkəsinin daimi üzvü olduğu BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr və digər təşkilatların qərarları göz qabağındadır. Nə qədər ki, Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış torpaqlarında mövcudluğunu saxlayır, əfsuslar olsun ki, bu kimi insidentlərin başvermə ehtimalı yüksəkdir. Bu kimi halların qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsidir. Ermənistan XİN-i bir müddət öncə “bir əllə danışıqlar aparıb, digər əllə atəş açmağın” düzgün olmadığını iddia etdiyi halda, bu bəyanatdan sonra Azərbaycanın Qazax rayonu istiqamətində sərhəd məntəqəsinin mövqelərini atəşə tutaraq, Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərini yaralamışdı. Görünür, bir əli ilə Azərbaycan ərazilərini hərbi işğal altında saxlayan Ermənistan digər əli ilə danışıqlar aparmamaq üçün də bəhanələr axtarışındadır. Azərbaycan tərəfi torpaqlarının işğal olunması faktı ilə heç zaman barışmayacaq və bunu Ermənistan tərəfinin çoxdan anlaması gərəkdir. Yalnız Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılması və bu ərazilərdən didərgin salınmış azərbaycanlıların öz evlərinə geri qayıtması bölgədə gərginliyin aradan qaldırılmasını, dayanıqlı sülh və əminamanlığı, rifahın bərpa olunmasını təmin edəcək”.
İndilikdə isə görünən budur ki, cəbhədə üzləşdiyi itkilərə rəğmən, düşmən təxribatlara son qoymağa tələsmir. Əksinə, erməni mediasının yazdıqlarından belə bəlli olur ki, bu ölkə daxilində artan gərginlik fonunda cəbhədə vəziyyətin kəskinləşməsi gözlənilir. “İrates” qəzeti bunu baş nazir Nikol Paşinyandan artan narazılıqla əlaqələndirir. Qəzet yazır ki, hazırda Ermənistanda hakimiyyətin hərəkətlərindən ictimaiyyətin məyusluğu getdikcə daha da dərinləşir: “Hakimiyyət dəyişikliyinin ölkədə mövcud olan problemləri nə dərəcədə həll etmədiyini nəzərə alsaq, bu təsadüfi deyil. Bir anlığa insanlar Nikol Paşinyanın gələcəyini və onlara qayğı göstərəcəyini ümid edirdilər. Paşinyan gəldi, lakin qayğılar insanların qapılarını döyməkdə davam edir. Zaman keçir, ölkədəki sosial vəziyyət isə dəyişmir. İndi Paşinyan onu hakimiyyətə gətirən və ictimai qurumların qapılarını təpiklə açmaq hüququna sahib olan insanları eşitmək belə istəmir. Baş nazir vəzifəsində Paşinyan Ermənistan vətəndaşı ilə heç də keçmişdəkilərdən geri qalmayan hörmətsizliklə danışır. Bu vəziyyətdə ondan sosial narazılıq artır və iqtisadi vədlərin yerinə yetrilməməsi Paşiynan üçün müsbət heç nə vəd etmir. Məhz bu fonda cəbhədə gərginliyin artması Paşinyan üçün ictimaiyyətin diqqətini başqa səmtə yönəltmək baxımından vacib görünə bilər. Bu taktikadan Paşinyandan əvvəlki hakimiyyət də az istifadə etməyib”. Həqiqətən də Ermənistan daxilində baş verənlər burada sosial-iqtisadi problemlərin daha da dərinləşdyini üzə çıxarır. Bunun isə tezliklə hakimiyyətə qarşı kütləvi aksiyalara çevriləcəyini elə bu günlərdə İcevanda, Gümrüdə baş verənlər əyani şəkildə təsdiqlədi. Məhz belə vəziyyətdə cəbhədə təxribatların artmasının Ermənistan daxilində vəziyyətdən qaynaqlanmasını artıq erməni mediası özü də etiraf edir. Ehtiyatda olan polkovnik Şair Ramaldanov da məsələyə elə bu prizmadan yanaşır. Ekspert vurğulayır ki, Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması Ermənistan cəmiyyətinin diqqətini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır. O, sərhəddə atəşkəsin pozulmasının və nəticədə Ermənistan tərəfinin itki verməsinin təbii proses olduğunu bildirib: “Ermənistan-Azərbaycan sərhədində atəşkəsin pozulması bu vaxta qədər müşahidə edilən hadisədir. Ermənilər sərhəddə atəşkəsi pozmaqla həmişəki məqsədlərinə xidmət edirlər. Onlar daima cəbhə bölgəsində gərginlik yaratmağa və danışıqlar prosesinə mane olmağa çalışırlar. Çünki danışıqlar prosesi ilə bağlı son zamanlar beynəlxalq təşkilatlardan Ermənistana müraciətlərin və təzyiqlərin sayı artıb. Atəşkəs yalnız Ermənistan tərəfindən pozulur. Son zamanlar Ermənistan tərəfinin hərbi təcili tibbi yardım maşınlarımızı da atəşə tutmasının şahidi oluruq. Azərbaycan tərəfi erməniləri cavab atəşi ilə susdurmaqla məşğuldur. Bu da, təbii olaraq, Ermənistan tərəfinin itki verməsi ilə nəticələnir. Bütün bunların hamısı təbii prosesdir və biz torpaqlarımızı azad edib ərazi bütövlüyümüzü bərpa edənə qədər davam edəcək”.
Belə vəziyyətdə erməni tərəfini narahat edən əsas məqamlardan biri budur ki, pozulan atəşkəs Ermənistan ordusunun daha çox itki verməsi ilə nəticələnir. Eyni zamanda bu proseslər o zaman cərəyan edir ki, ötən dövrlərə nisbətən erməni ordusu getdikcə daha zəif hala gəlir. Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor Ofisinin rəhbəri, hüquq müdafiəçisi Artur Sakunts da bunu təsdiqləyir. O xatırladır ki, təkcə rəsmi rəqəmlərə əsasən, Ermənistan Silahlı Qüvvələrində və Qarabağdakı “hərbi birləşmədə” 2018-ci il ərzində 63 hərbi qulluqçunun ölüm faktı qeydə alınıb. Bunlardan 27-si müddətli xidmət hərbi qulluqçusu, 23-ü müqaviləli hərbi qulluqçu, 11-i zabit, 2-si isə gizirdir: “Özü də keçən il atəşkəs rejiminin pozulması nəticəsində ölümlərin sayı azalıb. Lakin dinc şəraitdə ölüm sayının səviyyəsi ondan xəbər verir ki, Silahlı Qüvvələrdə nizam-intizam, şəxsi heyətlə aparılan iş, təminat, həmçinin mümkün korrupsiya risqlərinin aşağı salınması istiqamətində həyata keçirilən fəaliyyət hələ də, təəssüf ki, qənaətbəxş səviyyədə deyil. Son zamanlar Nikol Paşinyan orduda dəyişikliklər, nəsil dəyişimi haqqında danışır. Amma mən deyə bilmərəm ki, hansı dəyişiklikləri həyata keçirirlər. Hərbi nizam-intizamın gücləndirilməsi, şəxsi heyətlə aparılan iş istiqamətində dəyişikliklər görmürəm. Bu barədə məlumat yoxdur. Silahlı Qüvvələrdə şəxsi heyətlə aparılan işi səmərəli vəziyyətə gətirib çatdırmaq lazımdır. Məsələn, orduya psixoloq zabitlər cəlb edilməlidir. Bu barədə illərdir danışılsa da, heç bir iş görülmür. Mənim üçün kilsə xadimlərinin orduya cəlb edilməsi anlaşılmazdır. Bu, orduya heç bir fayda vermir. Bəyan edilir ki, din xadimlərinin orduya cəlb edilməsi səmərəlidir. Lakin bu faktiki olaraq əks olunmur.
Təəssüf ki, zabitlərin ordudan çıxma halları artıb. Bu o deməkdir ki, hərbi xidməti peşə olaraq seçmiş insanlar müəyyən vaxtdan sonra məyus olur və sonrakı xidmətdən imtina edir. Bundan başqa, deyilənlər müdafiə sahəsinə də aid olmalıdır. Müəyyən vaxt ərzində korrupsiya sxemləri içərisində batmış insanların sonrakı hərbi xidməti ümumiyyətlə xidmətin keyfiyyətinə kifayət qədər ciddi mənfi təsir göstərir. Kompleks yanaşma lazımdır, lakin biz bunu görmürük. Məhz belə vəziyyət ordunun döyüş qabiliyyətinə mənfi təsir edir və rəqib də baş verənləri dəyərləndirir. Bu mənada aydındır ki, indiki şəraitdə Qarabağda hərbi əməliyyatların bərpası Ermənistan üçün yaxşı heç nə vəd etmir. Hakimiyyət mütləq şəkildə bunu nəzərə almalıdır”.
Müdafiə Nazirliyinin İnsan Haqları Mərkəzinin rəisi, polkovnik Alik Avetisyan da orduda vəziyyətin yaxşı olmadığını bildirir. Avetisyan vurğulayır ki, Ermənistan Müdafiə Nazirliyinin “Qaynar xətti”nə zəng edən valideynlərin çoxu övladlarının kifayət qədər yaxşı yoxlanılmamasından şikayət edirlər. Polkovnik vətəndaşların yoxlamalar zamanı çağırışçılarda olan əsl xəstəliklər yerinə daha yüngül xəstəliklərin göstərilməsindən şikayət etdiklərini bildirib. O, cari ildə əsgər valideynlərindən 18 min şikayət zəngi aldıqlarını da deyib. Erməni mediası isə bu açıqlamalar fonunda yazır ki, ordu xəstələrdən ibarətdir və belə ordu ilə Qarabağ uğrunda savaş aparılması sadəcə istehza doğurur. Məhz bu səbəbdən hesab edilir ki, cəbhə təxribatları Ermənistana getdikcə daha baha başa gəlir. Əslində, bu xüsusda Azərbaycan da Ermənistana çoxsaylı xəbərdarlıqlar edib. Düşmənin isə bundan lazımi nəticə çıxarmaması cəbhədə onun itkilərinin sayını artırır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.