Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatları davam etməkdədir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinin məlumatına görə, 2019-cu ilin 28 iyul tarixində, saat 22:00 radələrində döyüş mövqelərimiz və arxa istiqamətdə hərəkətdə olan hərbi nəqliyyat vasitələrimiz düşmən tərəfindən növbəti dəfə atəşə tutulub.
Düşmən snayperləri tərəfindən açılmış güllələr üzərində “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan “UAZ” markalı avtomobilə dəyib. Düşmən snayperlərinin atəş nöqtələri cavab atəşilə susdurulub. Göründüyü kimi, son vaxtlar düşmən ordusu tərəfindən Dövlət Sərhəd Xidmətinin əsgərləri və hərbi hissələri mütəmadi atəşə məruz qalır. Bunun də səbəbi bəllidir. Çünki Ermənistanla həmsərhəd olan müəyyən yerlərdə ön mövqedə artıq Sərhəd Qoşunları xidmət aparır. Ancaq yayılan məlumatdan görünür ki, artıq ermənilər üzərinə “Hərbi tibbi yardım” sözləri yazılmış və qızıl aypara nişanının təsviri olan avtomobilləri belə atəşə tuturlar. Adi müharibə qanunlarının belə pozulduğu bu davranışı necə qiymətləndirmək olar?
Daşdəmir Əliyev : “Bütün beynəlxalq qurumların və səhiyyə təşkilatlarının nəzərinə bunu çatdırmalıyıq”
Hərbi ekspert Daşdəmir Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, Ermənistanın bu hərəkəti artıq heç bir əndazəyə sığmır: “Tibbi xidmət aparan personala, avtomobillərə istər sülh və istərsə də müharibə dönəmində xüsusi güzəştlər edilir. Bu kateqoriyadan olan avtomobilin atəşə məruz qalması bütün beynəlxalq konvensiyalara arxa çevirmək, onları saymamaq anlamına gəlir. Bununla bağlı BMT-nin tələbləri və digər konensiyalar var. Ermənistan həmin konvensiyaların hamısına imza atıb və tərəfdar çıxıb. Baş verən hadisədə diqqətçəkən xüsusi bir məqam da var. Tibbi xidmət göstərən avtomobilə hansısa yaylım atəş dəyməyib. Birbaşa snayperlə vurulub. Bu da o anlama gəlir ki, məqsədli və düşünülmüş şəkildə atılan addımdır. Bu artıq bəşəri cinayət sayılır. İnsanlığa qarşı olunan həqarətdir. Biz bu faktdan istifadə etməliyik. Bütün beynəlxalq qurumların və səhiyyə təşkilatlarının nəzərinə bunu çatdırmalıyıq. Ağ xalatlı adama atəş açan düşmənin bütün simasını bununla da ifşa etmək olar. Düşməndə də az da olsa mənlik olmalıdır. Amma biz şahidi oluruq ki, Ermənistan bu hisslərdən də məhrumdur. Ən diqqətçəkən məqamlardan biri də budur ki, belə hadisələr münaqişə ocağı kimi qəbul edilən Dağlıq Qarabağda deyil, SSRİ dönəmindən aramızda müəyyənləşən sərhədlərdə baş verir. Bir daha sübut olunur ki, Ermənistan yeni təxribatlar, yeni münaqişə ocaqları yaratmağa meyllidir. Bununla da diqqəti sülh prosesindən yayındırmaq istəyir. Sərhəd Qoşunlarının son vaxtlar tez-tez atəşə tutulması bu istəklə bağlıdır. Bizim XİN bu məsələni ciddi şəkildə əlaqədar qurumların nəzərinə çatdırmalıdır”.
Məhəmmədəli QƏRİBLİ