Yeni ixrac kəmərlərinin istifadəyə verilməsi fonunda Azərbaycanın enerji sektorunda təbii qazın xüsusi çəkisi tədricən artmağa başlayır. Məsələn, TANAP kəmərinin işə düşməsi ilə Azərbaycan qaz ixracını əhəmiyyətli dərəcədə artırıb. Təkcə may ayında Türkiyə Azərbaycandan 770 milyon kubmetr təbii qaz idxal edib.
Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı bildirir ki, Azərbaycan mayda Türkiyənin ən çox qaz idxal etdiyi ölkələr sırasında Rusiyadan sonra ikinci olub. Bu ilin ilk 5 ayında qardaş ölkənin Azərbaycandan qaz idxalının həcmi 3 milyard 758 milyon kubmetr təşkil edib. Qeyd edək ki, keçən il Türkiyə Azərbaycandan 7 milyard 527 milyon kubmetr təbii qaz idxal etmişdi. Cari ildə bu rəqəmin daha da artması gözlənir. Bunlar eyni zamanda Azərbaycana valyuta axınında təbii qazın rolunu da nəzərəçapracaq dərəcədə artırır.
Beynəlxalq Valyuta Fondu da bildirir ki, təbii qaz hesabına Azərbaycanın dünya enerji bazarında rolu daha da artır. Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Natalya Tamirisanın sözlərinə görə, "Cənub Qaz Dəhlizi"nin işə başlaması ilə əlaqədar bu il karbohidrogenlərin hasilatı artacaq. Qaz İxracatçısı Ölkələri Forumu isə Azərbaycanın Avropa üçün enerji sahəsində oynadığı rolun daha da yüksələcəyini bildirir. Özü də bunlar o fonda baş verir ki, Avropanın təbii qaza tələbi artır. Qaz İxracatçısı Ölkələri Forumu da bəyan edir ki, qısamüddətli perspektivdə Avropaya boru kəmərləri ilə nəql edilən qazın həcmi artacaq. Yeni qaz kəmərlərinin istismara verilməsi Avropa ölkələrinə əlavə 102,5 milyard kubmetr qaz əldə eləməyə imkan verəcək. Bu fonda xüsusi qeyd edilir ki, 2020-ci ildə "Cənub Qaz Dəhlizi"nin ikinci mərhələsi olan TAP-ın istifadəyə verilməsindən sonra Azərbaycandan Avropaya boru kəmərləri ilə ixrac edilən qazın həcmi 16 milyard kubmetr artacaq. Məlumata əsasən, bundan əlavə, 2019-2020-ci illərdə Avropaya nəql edəcək iki qaz kəmərinin istifadəyə verilməsi planlaşdırılır. Bunların arasında “Şimal axını-2” və “Türk axını” kəmərləri var. Amma o da məlumdur ki, “Şimal axını-2” ilə bağlı mübahisələr davam edir. Digər tərəfdən məlumdur ki, ABŞ "Şimal axını 2"-yə qarşı ən sərt sanksiyalara başlayır. Konqresin saytında Rusiyaya boru kəmərlərinin tikintisi üçün gəmilərin verilməsinə qarşı sanksiyaların tətbiqi ilə bağlı yeni qanun layihəsində deyilir ki, ABŞ-ın Avropadakı müttəfiqlərinin enerji təhlükəsizliyinin təmini məsələsilə bağlı strategiyasına Rusiyanın Avropadakı enerji dominantlığına mübarizə də daxil edilməlidir. ABŞ-ın energetika naziri Rik Perri isə bildirib ki, Rusiyanın "Şimal axını-2" və "Türk axını" qaz boru kəmərləri zərərli təsirlərin vasitəsidir: "Rusiya tez-tez Avropa və ABŞ-a qarşı zərərli taktikalarından istifadə edərək birliyimizə zərər verir. Rusiya enerji bazarı üzərindəki təsirindən yararlanaraq siyasi hədəflərini gücləndirməyə davam edir. Qaz kəmərləri də bu taktikaya xidmət edir".
ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo isə “Şimal axını-2” kəmərinin Avropaya təzyiq rıçağı olacağını bildirib: “Rusiya “Şimal axını-2”ni Avropaya qarşı təzyiq rıçağı kimi istifadə etmək istəyir. Biz bu layihənin reallaşdırılmasına imkan verməməliyik”. Avropada da məsələ ətrafında ikitirəlik hökm sürür. Məsələn, Polşa baş naziri Mateuş Morvetski, ölkəsi ilə Almaniyanın xoş münasibətlərinə rəğmən, Varşavanın “Şimal axını 2” ilə bağlı Berlinin mövqeyini bölüşmədiyini bildirib: “Rus qazına görə ödəniş Putinə silaha görə edilən ödənişə bərabərdir. Biz bu məsələdə Berlinlə razılaşmırıq”. Amma Azərbaycan qazının Avropaya mümkün qədər tez və böyük həcmdə çatdırılması hazırda həm ABŞ-ın, həm də Avropa ölkələrinin xüsusi marağındadır. Artıq bu il iyulun 1-dən Avropaya qazın nəqli üçün tamamilə hazır vəziyyətə gətirilən TANAP tarixə eyni zamanda Türkiyə, Yaxın Şərq və Avropanın ən uzun və ən geniş diametrli təbii qaz xətti kimi düşüb. Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək TAP boru kəmərində aparılan işlər tamamlandıqdan sonra Azərbaycan qazı gələn ildən etibarən Avropa bazarlarına nəql olunacaq.
TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert bildirir ki, TAP-ın inşası artıq son mərhələdədir. Onun sözlərinə görə, Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan TAP kəmərinin inşası çərçivəsində İtaliyada da boruların tikintisinə başlanıb: “İtaliyada, Melendugno şəhərindəki 1,5 kilometrlik mikrotunelin inşası aprelin sonunda turist fəaliyyətləri və sahilboyu ətraf mühitə heç bir təsir və ya müdaxilə olmadan tamamlanıb. Boru kəmərinin İtaliya hissəsinin və qəbul terminalının tikintisinin tamamlanması üzrə işlər davam edir”. O əlavə edib ki, iyunun sonuna TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla - 88,5 faizi icra edilib. Bundan başqa, TAP-ın quru hissəsinin inşası çərçivəsində Yunanıstan, Albaniya və İtaliya marşrutunda boruların 99 faizi torpağa basdırılıb. Həmçinin 3 ölkə üzrə marşrutun 95 faizindən çoxunda torpaq örtüyü bərpa edilib. Bundan başqa, TAP konsorsiumu təbii qaz tədarükçülərinin maraqlarını ifadə etməyə imkan verəcək bazar sınaqlarına da başlayıb. Məqsəd sonrakı mərhələdə TAP-ın genişləndirilməsi imkanlarını araşdırmaqdır. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur. Layihə ümumilikdə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.
Tahir TAĞIYEV