Qurban Məmmədov adlı keçmiş bir vəkil var. Hazırda mühacirətdədir. Buradakı avantüraları baş tutmadığı üçün, indi də internetin yaratdığı qlobal imkanlardan istifadə edərək aranı qarışdırmaq istəyir. Özünə bir internet “televiziyası” açıb. Hərdən bir aksiya keçirərək açıq-açığına izləyicilərdən xərrac toplayır. Əhval-ruhiyyəsindən hiss edilir ki, işləri yaxşı gedir. Qurban nə edirsə-etsin, axırı pul toplamaq amilinə söykənir.
İndi də “Bir payız axşamı” adlı marafona başlayıb. Hər gün özü kimi perspektivsiz adamları “efirinə” dəvət edib, söhbətlər edir və xalqı aldatmağa çalışır ki, guya payızda Azərbaycanda inqilab olacaq. Hətta bu prosesdə iştirak etməyəcək adamları da hədələyir. Maraqlısı budur ki, Qurban Məmmədov və ona qoşulan azsaylı adamlar inqilabın hansı əsasla baş verə biləcəyi, nəyə əsaslanaraq bu fikri əminliklə söylədikləri ilə bağlı heç bir açıqlama vermirlər. Biz perspektivsiz müxalif dairələrin ifasında belə mahnıları çox eşitmişik. Bu 26 ildə milləti hansı adlarla aldatmadılar? 2000-ci illərin əvvəllərində Heydər Əliyev kimi siyasətçi ilə açıq meydanda mübarizə apara bilməyən bu dairələr bütün ümidlərini onun fiziki yoxluğuna bağlamışdılar və “X günü” adlı lüzumsuz bir təbliğat aparırdılar. Nəticə isə göz qabağındadır. İndi də məhz həmin dairələrin bir qismidir ki, xalqı “Bir payız axşamı” adlı romantik adlarla öz ətrafına cəlb edib, aldatmaq istəyir. Uğursuz radikalların bu cəhdlərini necə dəyərləndirmək olar?
Rauf Zeyni: “Azərbaycan xalqı “Bir payız axşamı”nı elə indiki sabitliklə, əminamanlıqla öz hakimiyyəti ilə birlikdə qeyd edəcək”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, hər dövrün özünəməxsus dələduzluq alətləri olur: “Müasir zəmanənin dələduzları virtual aləmin yaratdığı imkanlardan məharətlə istifadə edirlər. Onlardan biri də sizin dediyiniz adamdır. Biz söyüş müxalifətinin aqibətini gördük. Öz doğmaları, yaxınları həmin adamlardan imtina etdilər. Gördülər ki, həmin vasitələr effekt vermir. Çünki Azərbaycan mentalitetində xalq arasında, ictimai yerlərdə söyüş söyən kişilərə normal münasibət bəsləmirlər. İndi də müəyyən internet kanallarının vasitəsilə əhaliyə şirin vədlər verməyə çalışırlar. Bəli, həmin müxalif dairələr tam uğursuzluğa düçar olduqlarının fərqindədirlər. Müxtəlif adlar və vədlərlə öz elektoratlarını aldadan radikal cameə bu səbəbdən də bütün dayaqlarından məhrum edilib. Bu gün xaricə sığınan bəzi adamlar Azərbaycanın dövlət quruluşunu zorla sarsıtmaq, inqilabi çağırışlar etmək kimi yolu tutublar. Bu qətiyyən yolverilməzdir. Azərbaycan xalqı belə təxribatçıların avantürasına uymamalıdır. Biz bilirik ki, xalqımızın böyük əksəriyyəti həmin çağırışları pisləyir. Azərbaycan dövlətinin bu inkişaf mərhələsində ona zərbə vurmaq cəhdlərinin əsl səbəbi bəllidir. Bunu yalnız bizim düşmənlərimiz istəyə bilər. Təəssüf ki, xaricə sığınan bəzi soydaşlarımız da onların əlində alətə çevrilir. Həmin güc mərkəzlərinin bu məkrli niyyətləri heç vaxt alınmayacaq. Çünki Azərbaycanda elə bir narazılıq yoxdur ki, o çevrilib inqilabla nəticələnsin. Həmin radikal dairələrin şəxsi dolanışıqları bundan çıxır. Ona görə də bu cür fəaliyyətdən əl çəkə bilmirlər. Xalq bilməlidir ki, ondan yalnız istifadə etməyə can atırlar. Biz bunu qətiyyətlə pisləyirik. Azərbaycan xalqı “Bir payız axşamı”nı elə indiki sabitliklə, əminamanlıqla öz hakimiyyəti ilə birlikdə qeyd edəcək. Kimsə bundan narahat olmasın. Azərbaycan xalqı öz Prezidenti və dövlətinin ətrafında elə birləşib ki, burada hansısa təxribatı törətmək mümkün deyil. Bunu etmək istəyənlər bilsinlər ki, önlərində xalqı görəcəklər”.
Məhəmmədəli QƏRİBLİ