Son vaxtlar Azərbaycanla Fransa arasındakı münasibətlər bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. Prosesin ən aktiv fazası Fransa məhkəmələrində Qarabağdakı separatçı rejimlə bu ölkənin şəhərləri arasında imzalanmış “dostluq xartiyaları”nın ləğv edilməsi prosesi ilə başladı.
Sonra Fransanın nüfuzlu şirkətlərini təmsil edən iş adamlarının ölkəmizə səfəri reallaşdı. Həmin şirkətlərin Azərbaycanın qeyri-neft sektoruna maraq göstərdiyi məlum oldu. Bütün bunlardan həm Ermənistan, həm də onların Fransadakı diasporu ciddi narahatlıq keçirməyə başladı. Bütün vasitələrlə bu münasibətlərin inkişafına mane olmağa cəhdlər etsələr də, mümkün olmadı. Artıq Fransanın ən yüksək səviyyəli rəsmi şəxslərinin də ölkəmizə səfərləri reallaşmağa başlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Fransaya ötənilki uğurlu səfərini məmnunluqla xatırlayan dövlətimizin başçısı Fransa Prezidenti Emmanuel Makronla keçirilən səmərəli müzakirələri Azərbaycanla Fransa arasında tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edən amil kimi dəyərləndirib. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığımızın uğurla inkişaf etdiyini bildirərək, bu baxımdan biznes əlaqələrinin və biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin önəmini qeyd edib.
Fransanın iqtisadiyyat və maliyyə naziri Brüno Lö Mer, ilk növbədə, Fransa Respublikasının Prezidenti Emmanuel Makronun salamlarını dövlətimizin başçısına çatdırıb. Brüno Lö Mer Bakının abadlığının və inkişafının onlarda xoş təəssürat doğurduğunu vurğulayıb. O, Fransa tərəfinin Azərbaycanla siyasi və iqtisadi sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu deyib. Qeyd edək ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva da Fransa Respublikasının iqtisadiyyat və maliyyə naziri Brüno Lö Merlə görüşüb.
Bütün bunlar Azərbaycanın Fransa siyasətində Ermənistanı üstələdiyinə dair tutarlı arqument sayıla bilərmi?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransa ilə Azərbaycanın münasibətləri hər zaman normal olub: “Ancaq buna mane olmaq gücündə olan bir amil olub. O da Fransada geniş təşəkkül tapmış və dərin kök atmış erməni diasporu sayılırdı. Münasibətlərimizin müəyyən periodlarında belə cəhdlər edilib. Qısa zaman da olsa, ürəkləri bulandıra biliblər. Amma Mehriban xanım Əliyevanın Fransaya reallaşan son səfərindən sonra bu prosesdə birdəfəlik dönüş müşahidə edildi. Fransa məhkəmələri ölkəmizlə bağlı olan məsələdə obyektiv qərarlar qəbul etdilər. Sonra iqtisadiyyatla bağlı böyük bir heyətin ölkəmizə səfəri reallaşdı. Təbii ki, bundan ən dərin narahatlığı Ermənistan keçirir. Məsələnin özəlliyi həm də ondadır ki, Fransa ATƏT-in üç həmsədrindən biri və erməni lobbisinin ən güclü olduğu dövlətdir. Ermənilərin ən böyük təlaşı da onunla bağlıdır ki, Azərbaycan diplomatiyası və lobbisi Fransa kimi böyük erməni diasporunun kök saldığı bir dövlətdə də Qarabağ gerçəyini qəbul etdirə bilirsə, o zaman başqa Avropa dövlətlərində buna daha asan nail ola bilər. Ermənilərin qorxduğu məhz bu presedentdir. Məlumdur ki, ermənilər bu qanunsuz faktordan istifadə edərək, Dağlıq Qarabağ regionunda yaradılmış qondarma qurumu müxtəlif təşkilatlara cəlb edirlər. Nə qədər qanunsuz sayılsa da, onlar Dağlıq Qarabağda kütləvi tədbirlər keçirir, xarici ölkələrdən qonaqlar dəvət edirdilər. Hər keçirilən tədbir və ya görüş də xarici mediada işıqlandırılırdı. Bununla da qanusuz rejimin təbliğinə nail olurdular. Artıq Fransa məhkəmələri separatçı rejimlə bağlanan “müqavilələri” ləğv etdilər. Fransa BMT Təhlükəsizlik Şurasının üzvüdür. Fransa-Azərbaycan siyasi-iqtisadi əlaqələrinin möhkəmlənməsini Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsi baxımından vacib hesab edirəm. Nə qədər ki, biz danışıqlar yolu ilə torpaqlarımızı işğaldan azad etməyi birinci plana çəkmişik, burada Fransanın rolunu, eyni zamanda, əhəmiyyətini dəyərləndirməliyik. Yəni Fransa ilə münasibətlərin inkişafı bütün parametrlər üzrə bizə xeyirdir. Rəsmi şəxslərin ölkəmizə etdiyi səfərlər göstərir ki, artıq Ermənistan proseslərə təsir imkanından tam məhrum olunub. Bunu həmin ölkənin diplomatiya sahəsindəki növbəti məğlubiyyəti siyahısına yaza bilərik”.
Məhəmmədəli QƏRİBLİ