Məlum olduğu kimi, Ermənistan Qarabağa yeni-3-cü yol çəkmək fikrindədir. Bu barədə erməni mətbuatına açıqlamasında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan danışıb.
Məlumata görə, bu məqsədlə bu yaxınlarda Xankəndinə gedib, yeni yol da daxil olmaqla, strateji infrastruktur layihələrini müzakirə ediblər. Qriqoryanın sözlərinə görə, artıq 2020-ci ildə 150 kilometrədək yeni yolun çəkilişinə başlamaq planlaşdırılır. Plana əsasən, bu yol Ermənistanın Qafan rayonu ilə Azərbaycanın Xocavənd rayonunu birləşdirməlidir.
Qeyd edək ki, hazırda Ermənistanla Qarabağı Azərbaycanın Kəlbəcər və Laçın rayonlarından keçən iki yol birləşdirir.
Bu məlumatı Qarabağdakı separatçı rejimin sözçüsü David Babayan da təsdiqləyib. O, 2020-ci ildə çəkilişə başlasalar, yolun 2-3 ilə hazır ola biləcəyini deyib. Ermənistanın Müdafiə Nazirliyinin sözçüsü Artsurun Ovannisyan hazırda mövcud Qafan-Qarabağ yolunun çox pis vəziyyətdə olması səbəbindən nazirliyin ondan yalnız hərbi məqsədlər üçün istifadə etdiyini bildirib.
Ermənistanlı politoloq Akov Badalyansa deyir ki, yeni yol İranla əlaqə, həmçinin, həmin ərazidə əhalinin yerləşdirilməsi baxımından da çox vacib layihədir.
Onu da qeyd edək ki, bu ilin əvvəllərində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan işğal altındakı Füzuli rayonunun ərazisinə gələrək “Arazboyu ərazilərin məskunlaşdırılması” planı haqda danışıb. Vanetsyan bildirib ki, onun hazırda dayandığı ərazilərin qaytarılmasından söhbət belə gedə bilməz, əksinə, həmin əraziləri məskunlaşdırmaq planı hazırlanır. Bu baxımdan, Qafanı Xocavəndlə birləşdirəcək üçüncü yolun çəkilməsi Ermənistanın Dağlıq Qarabağ ətrafındakı işğal edilmiş rayonları məskunlaşdırmaq planlarına xidmət edir.
Rəsmi Bakı Xarici İşlər Nazirliyi səviyyəsində buna öz etirazını bildirib. Maraqlıdır ki, ermənilərin Qarabağa üçüncü yol çəkmək planını rəsmi şəkildə bəyan etmələrinə rəğmən, münaqişənin həllində vasitəçilik edəm ATƏT-in Minsk Qrupu buna hansısa formada reaksiya vermir. Ən azından, etiraz edə bilərdilər ki, belə təşəbbüslər danışıqlar prosesinə zərər vurur. Ancaq, göründüyü kimi, ATƏT bunu susqunluqla izləyir.
Fikrət Sadıqov: “Qurum münaqişənin dinc yolla həllində maraqlıdırsa, o zaman buna öz münasibətini bildirməlidir”
Məsələyə münasibət bildirən keçmiş diplomat, politoloq Fikrət Sadıqovun sözlərinə görə, ATƏT-in bunu susqunluqla izləməsi təəssüf doğurur: “Ermənistanın belə bir layihəsi var, amma bunun iqtisadi baxımdan necə reallaşdırılacağı məlum deyil. İstənilən halda, bu yolu çəkmək üçün böyük bir vəsait lazımdır. Belə yolun çəkilməsi böyük xərc tələb edir. Düşünmürəm ki, bu, yaxın gələcəkdə asanlıqla mümkün olsun. Ancaq bu o demək deyil ki, ATƏT-in Minsk Qrupu buna seyrçi mövqedən yanaşmalıdır. ATƏT-in Minsk Qrupunun bu məsələdə susması təəssüf doğurur. Qurum münaqişənin dinc yolla həllində maraqlıdırsa, o zaman buna öz münasibətini bildirməlidir. Onlar seyrçi mövqedə qalmamalıdırlar. Çünki bəlkə də ATƏT-in bu cür seyrçi mövqedən çıxış etməsi üzündən Ermənistan belə layihələrin yaranmasına imza atır. Bax, budur əsas problem. O üzdən, bu cür ikili yanaşmalar olmamalıdır. Ancaq buna rəğmən, biz bu məsələni gündəmdə saxlamalıyıq. Nəinki ATƏT, hətta digər beynəlxalq təşkilatların da diqqətini buna cəlb etməliyik. Bütün beynəlxalq təşkilatlar bizim ərazi bütövlüyümüzü tanıyır. Belədirsə, o zaman reaksiyalar adekvat olmalıdır”.
Vidadi ORDAHALLI