Azərbaycanın böyük uğurla həyata keçirdiyi xarici siyasət bu gün beynəlxalq miqyasda Ermənistanın işğalçı siyasətinin tam şəkildə ifşa edilməsi ilə nəticələnib. Elə bunun nəticəsidir ki, Ermənistanın işğal siyasətinə qarşı beynəlxalq hüquqi müstəvidə təpkilər artır, zəbt edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılması tələb olunur. Eyni zamanda məsələnin maraqlı tərəflərindən biri həm də yenə beynəlxalq aləmdə Ermənistanın Azərbaycan tərəfindən daha ağır duruma salınmasıdır. Söhbət burada böyük güclərin Ermənistana qarşı mövqe tutmalarından gedir.
Məlumdur ki, İrəvanın işğal siyasətini indiyə qədər davam etdirməsinin ümdə səbəbi müəyyən beynəlxalq güclərin, dövlətlərin Ermənistana himayədarlıq etməsi nəticəsində mümkün olub. Amma son dövrlərdə bu istiqamətdə fərqli bir vəziyyətin yaranması müşahidə edilir. Söhbət konkret olaraq Qafqazda hadisələrin inkişaf axarına təsir edə biləcək güclərdən, xüsusən də Rusiya və ABŞ-dan gedir. Sonuncuların Ermənistana münasibəti indi heç də İrəvanın maraqları ilə üst-üstə düşmür. Əksinə, Ermənistanda etiraf edirlər ki, bu ölkələrin İrəvana müxtəlif istiqamətlərdə, o cümlədən də Dağlıq Qarabağ məsələsində təzyiqləri artıb. Özü də burada Azərbaycanın diplomatik gedişlərinin də öz sözünü deməsi artıq açıq bəyan olunur. Bütün bunların nəticəsində indi Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesində Azərbaycan getdikcə daha üstün mövqe sahibinə çevrilir. Bu səpkidə dünyada da açıq bəyan olunur ki, problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Eyni zamanda görünən həm də budur ki, dünya, Ermənistandan fərqli olaraq, Azərbaycana etibarlı tərəflaş qismində yaxınlaşır. Burada həm də o nəzərə alınır ki, Azərbaycan Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət kimi mürəkkəb geosiyasi şəraitdə müstəqil xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan regionun yeganə ölkəsidir ki, düşünülmüş xarici siyasəti ilə regional təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl və sistemli addımlar atır. Azərbaycan dövlətinin həyata keçirdiyi enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq formatları Cənubi Qafqazda sabitliyin təmin edilməsində mühüm rol oynayır. Bütün bunlar ona gətirib çıxarır ki, bu gün Azərbaycanın dünya miqyasında nüfuzu xeyli artıb. Təbii ki, belə vəziyyət Dağlıq Qarabağ münaqişəsinin gedişinə də təsirsiz ötüşmür.
İndi Ermənistanda da bildirilir ik, bu gedişlə Azərbaycan Qarabağ münaqişəsinin həlli istiqamətində istədiyi nəticəyə daha tez nail olacaq. Çünki regionda hadisələrə təsir etmək gücündə olan ölkələr də tədricən Azərbaycanın yanında yer almağa başlayıb. “İşıqlı Ermənistan” partiyası fraksiyasının deputatı Arman Babacanyan vurğulayır ki, Azərbaycandan fərqli olaraq, Ermənistan böyük güclərlə əməkdaşlığını inkişaf etdirə biləməyib. Əksinə, son bir il ərzində bu istiqamətdə ciddi problemlər meydana çıxıb. Onun sözlərinə görə, ölkədə iqilabdan sonra xarici siyasətdə hər hansı bir dəyişiklik görülmür, əksinə, vəziyyət Ermənistanın əleyhinə getdikcə pisləşir. Arman Babacanyan vurğulayır ki, bu durum özündə bir çox narahatlıqları ehtiva edir: “Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan mətbuata açıqlama ilə çıxış edərək, Ermənistanın həyati əhəmiyyətə malik bir sıra problemləri, o cümlədən hazırlanma mərhələsində olan Milli Təhlükəsizlik strategiyası barədə danışıb. Qriqoryan bəyan edib ki, Milli Təhlükəsizliyin yeni strategiyasının dayağı Ermənistan Silahlı Qüvvələri, ordu hesab ediləcək. Problem ondadır ki, ölkənin təhlükəsizliyi daha çox ordunun döyüş qabiliyyətliliyi və silahla komplektləşdirilməsindən asılıdır. Bəli, bunlar vacib, dövlət üçün həyati əhəmiyyətə malik məsələlərdir və bunların həlli hər hansı strategiyadan asılı olmadan təmin edilməlidir. Milli təhlükəsizlik məsələsi isə kompleks ifadədir. Burada Silahlı Qüvvələr vacib əhəmiyyət daşısa da, dayaq əhəmiyyətli olmamalıdır. Milli təhlükəsizliyin strateji dayaqları iqtisadi, sosial siyasəti təmin edən strategiyalar və ən vacib olan dövlətin xarici siyasət konsepsiyası olmalıdır. Lakin Qriqoryanın mətbuata açıqlamasında bu sahələrlə bağlı hər hansı ifadə eşidilməyib. Milli təhlükəsizlik konsepsiyasının Silahlı Qüvvələrin üzərinə atılması, faktiki olaraq, əvvəlki onilliklərdə həyata keçirilən siyasətin davamı mənasını daşıyır”. Babacanyan bu qurumların ordu ilə bərabər milli təhlükəsizliyin təmin edilməsi məsələsində öz funksiyalarını yerinə yetirməli olduğunu qeyd edir: “Robert Köçəryan və Serj Sarkisyan hakimiyyətləri də eyni qaydada milli təhlükəsizliyin təmin edilməsinin dayaqları olaraq Silahlı Qüvvələri hesab edirdi, lakin bununla yanaşı, ölkəni daxildən dağıdırdılar. Bunun nəticəsində ordu milli təhlükəsizlik problemlərinə və rəqibə müqavimət göstərərkən tək qalırdı. Buna sübut 2016-cı ildə baş verən aprel döyüşləridir. Buna səbəb iqtisadi cəhətdən inkişaf etmiş, rəqabətə dayanıqlı, güclü dövlətin və dövlət insitutlarının olmamasıdır. Buna görə də yeni Ermənistanda milli təhlükəsizliyin təmin edilməsi yalnız ordunun çiyinlərinə qoyula bilməz və qoyulmamalıdır. Dövlət bütün qurumları və alt qurumları ilə birlikdə bu məsələyə qulluq göstərməyi bacarmalı, ordunun yalnız ona həvalə edilmiş fəaliyyətin həyata keçirilməsi ilə məşğul olmasına şərait yaratmalıdır. İqtisadi, sosial və mənəvi cəhətdən təmin edilmiş vətəndaş olmadan, milli təhlükəsizlik kompleksinin təmin edilməsi haqqında danışmaq olmaz. Milli təhlükəsizliyin təmin edilməsi baxımından xarici siyasətin həddindən artıq vacib əhəmiyyəti var. Bu əhəmiyyət, hətta bəlkə də Silahlı Qüvvələrin üzərinə düşən əhəmiyyətə bərabərdir. Ermənistan elə bir xarici siyasət aparmalıdır ki, bunun nəticəsində ölkənin təhlükəsizliyi beynəlxalq ictimaiyyətin, geosiyasi güc və mərkəzlərin maraq dairəsinə düşə bilsin. Ermənistanda yalnız erməni deyil, beynəlxalq təhlükəsizliyin marağı cəmləşdirilməlidir. Onu elə təmin etmək lazımdır ki, həmin maraq Ermənistanı təxribatlardan uzaq saxlaya bilsin. Bu məsələni isə ordu yox, xarici siyasət, gərgin diplomatiya təmin edə bilər. Bu baxımdan Ermənistanın beynəlxalq aləmdə mövqe tutması həddindən artıq vacibdir. Söhbət dünya dəyərlərinin yaradılması prosesində heç olmasa Ermənistanın təvazökarlıqdan uzaq, əvəzolunmaz rolundan gedir. Məhz bu amil Ermənistanı coğrafi bölgə halından beynəlxalq münasibətlər subyektinə çevirə bilər. Onun təhlükəsizliyinə təhdid olan hədənin neytrallaşdırılmasının, beynəlxalq təhlükəsizlik sistemi ilə bağlı olmasını təmin edə bilər. Ermənistan bu rola yalnız keyfiyyətcə yeni dövlət, rəqabətli iqtisadiyyat və dünya standartlarına uyğun sosial təminatlı həyat tərzi yaratmaq, müasir səhiyyə və təhsil sistemi qurmaqla nail ola bilər. Amma biz bunların heç birinin əlamətini görmürük. Nəticədə bölgədə qüvvələr nisbəti sürətlə dəyişir və burada Ermənistanın geridə qalması açıq müşahidə olunur. Azərbaycanın bundan maksimal dərəcədə istifadə etməyə çalışması isə təbiidir”. Erməni deputat hesab edir ki, İrəvan öz təhlükəsizliyini tamamilə Rusiyanın üstünə yıxmaqla, onu özünün təhlükəsizliyindən faydalanan tərəf halına gətirir: “Başqa cür olduğu halda Ermənistan əvvəlki hakimiyyətin fəaliyyətini davam etdirmiş olacaq. İnqilabdan sonra biz nəinki xarici siyasətdə hər hansı bir dəyişiklik görmürük, eyni zamanda əvvəlki rejimlərin, yəni Köçəryan və Sarkisyan hakimiyyətlərinin həyata keçirdiyi rusiyayönlü və Rusiya qulluqlu təkxətli xarici siyasət görürük. Əslində Rusiya üçün Ermənistanın təhlükəsizliyi yalnız spekulyativ əhəmiyyət daşıyır. Rusiya istənilən geosiyasi oyunda Ermənistanın təhlükəsizliyini qurban verməyə hazırdır. Aprel döyüşlərində bunun şahidi olduq. Lakin Ermənistanın yeni hakimiyyəti bəyan edib ki, xarici siyasət sahəsində əsaslı dönüş olmayacaq. Ermənistan ictimaiyyəti hakimiyyətə dövlətin xarici siyasət kursunu dəyişməyi sifariş etmədiyini qeyd edib. Bəli, ictimaiyyət belə bir birbaşa sifariş irəli sürməyib. Lakin cəmiyyət güclü, rəqabətli və inkişaf edən dövlətin qurulmasını sifariş edib. Bu isə realda xarici siyasət konsepsiyasına yenidən baxılması həyata keçirilmədən mümkün deyil. Bu problemlərə Qriqoryanın mətbuat konfransında heç bir reaksiya verilməyib. Bu şəraitdə milli təhlükəsizliyin hər hansı strategiyası, hətta ən gözəl formalaşdırma və bəyannamələrlə ifadə edilsə belə, Ermənistanın real təhlükəsizlik problemlərini təmin etmək üçün canlı ola bilməz”. Bununla yanaşı qeyd olunur ki, hazırda Ermənistanın xarici siyasətində yol verilən yanlışlıqlar Rusiyanın İrəvanla müqayisədə Bakıya daha çox etimad göstərməsinə gətirib çıxarıb. Bu isə Qarabağ məsələsində də Azərbaycanın tədricən Rusiyadan istədiklərini almasına gətirib çıxarcaq. Erməni ekspert Aharon Vardanyan isə qeyd edir ki, İrəvan ABŞ-la münasibətlərdə də ciddi problemlər yaradıb. Onun sözlərinə görə, ABŞ-la münasibət Ermənistan üçün əhəmiyyətli olsa da, İran amili üzündən burada çoxsaylı yanlışlıqlara yol verilib: “Ermənistanın İran-ABŞ münasibətlərində tutduğu mövqe ABŞ-da müsbət qarşılanmır. İran Ermənistan üçün həyati əhəmiyyət daşıyan ölkədir və strateji tərəfdaş olmağa çalışır. ABŞ-la münasibət eyni qaydada bizim üçün əhəmiyyətlidir və bu iki ölkə arasında yaranmış vəziyyətdə Ermənistan hər iki tərəf üçün qəbul oluna biləcək dəqiq mövqe nümayiş etdirə bilmir. Bu da həm ABŞ, həm də İranla münasibətlərimizə mənfi təsir edib. Belə vəziyyət regionda Ermənistanın mövqeyini zəiflədir. Təəssüf ki, bu məsələdə Azərbaycan daha yaxşı siyasət həyata keçirir.Azərbaycandan fərqli olaraq, ABŞ bizim hökumətə təzyiq göstərir. İş aparmaq və fəal siyasət yürütmək lazımdır. Bu olmadığından, Ermənistanın maraqları başqaları tərəfindən arxa plana atılır. Bu hal tam şəkildə Qarabağ məsələsinə də aiddir”.
Bütün bunlar bir daha Qarabağ məsələsində hadisələrin inkişaf axarının tam şəkildə ölkəmizin lehinə olduğunu aydın nümayiş etdirir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.