İşğalçı Ermənistanda real vəziyyətin təhlili bu ölkədə sosial-iqtisadi müstəvidə yeni inqilabın olmasını istisna etmir. Digər tərəfdən, baş nazir Nikol Paşinyanın hüquqi müstəvidə sıxışdırdığı “Qarabağ klanı” da hələ əlində olan böyük imkanlardan istfiadə edib sosial sferada vəziyyəti daha da pisləşdirməyə çalışır.
Əsas məqsəd əhalidə mövcud hakimiyyətə qarşı qəzəb hissini körükləməkdir. Eyni zamanda, “Qarabağ klanı” Rusiyanın da yardımı ilə digər istiqamətlər üzrə Paşinyanın mövqelərini zəiflətmək üçün addımlar atır. Bu istiqamətlərdən biri “Qarabağ klanı”nın əsas liderlərindən sayılan sabiq prezident Robert Köçəryanın azad edilməsidir. Erməni mediası yazır ki, əslində, Köçəryanın sentyabra kimi azad edilməsinin vacibliyi ilə bağlı Kreml İrəvana sifariş göndərib. Amma İrəvan buna riayət etmək istəmir. Əksinə, Robert Köçəryanı həbsdən azad edən hakim David Qriqoryanın səlahiyyətləri belə dayandırılıb.
Xatırladaq ki, bu ilin may ayında İrəvan birinci instansiya şəhər məhkəməsinin hakimi Qriqoryan qondarma Dağlıq Qarabağ respublikasının liderlərinin təlimatı ilə Köçəryanı həbsdən azad etmiş, işi Konstitusiya məhkəməsinə göndərmişdi. Ermənistan Apelyasiya Məhkəməsi isə sabiq prezidentin azadlığa buraxılması ilə bağlı qərarı ləğv edib. Xüsusi İstintaq İdarəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, Qriqoryanla bağlı məhkəmə işi başladılıb və onun evində axtarış aparılıb. “Qarabağ klanı” bəyan edir ki, bu vəziyyət onlara qarşı hakimiyyətin təzyiqlərinin davam etməsinin göstəricisidir və məsələyə, daxili qüvvələrlə yanaşı, Kreml də sərt mövqe sərgiləməlidir. Bununla yanaşı, “Qarabağ klanı” Ermənistan hökumət binası qarşısında etiraz aksiyası da həyata keçirib. Aksiya iştirakçıları “Köçəryan qəhrəman, Nikol kələkbaz” şüarları səsləndiriblər. Köçəryanın tərəfdarları qeyd edirlər ki, bir gün ədalət gününün gələcəyinə ümid edirlər. Amma hakimiyyət, hələ ki, təzyiqlər qarşısında geri çəkilmir. Əksinə, Ermənistanın Baş Prokurorluğu, Köçəryanla yanaşı, konstitusiya quruluşunu dəyişmək cəhdi ittihamı ilə “Qarabağ klanı”na daxil olan digər keçmiş vəzifəli şəxslər - baş nazirin sabiq müavini Armen Gevorqyan, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturov və sabiq müdafiə naziri Seyran Ohanyanla da bağlı ittiham aktı hazırlayıb və onları məhkəməyə göndərib. Keçmiş prezident Serj Sarksiyanın da barəsində təhqiqat gedir. Bu durumda “Qarabağ klanı” əsas diqqəti ölkədə sosial-iqtisadi durumun pisləşməsinə yönəldir. “168.jam” nəşri yazır ki, 15 aylıq baş nazirlik dönəmində Nikol Paşinyanın sosial-iqtisadi müstəvidə hansısa müsbət yeniliklər edə bilməməsi bu fonda “Qarabağ klanı”nın maraqlarına işləyir.
Bildirilir ki, Ermənistanda sürətli dəyişikliklər ümidləri doğrultmayıb və bundan sonra da yaxşılığa doğru nəsə dəyişməyəcək: “İnqilabın vəd etdiyi nəticələrin ictimaiyyətə əlçatan olması üçün hələ nə qədər vaxt lazım olacağını demək çətindir. Bu templə davam edərsə, birmənalı şəkildə demək olar ki, bu tez bir zamanda baş verməyəcək. Ümumiyyətlə, bunun baş verib-verməyəcəyi sual altındadır. 15 aylıq idarəetmə onu göstərdi ki, hakimiyyət ictimaiyyətin gözləntilərini qane etməyə hazır deyil. Hakimiyyət dəyişikliyi dövründə iqtisadi vəziyyət və sosial həyat heç bir halda yaxşılaşmayıb. Cəmiyyətin böyük bir hissəsi, keçmişdə olduğu kimi, zorla yaşamını təmin etməyə davam edir. Onların gəliri əvvəl olduğundan da aşağıdır. Buna görə də, demək olar ki, yeni hakimiyyət də xalqa indiyədək heç bir şey verməyib. Əmək haqqı ödənişi sahəsində, demək olar, heç bir dəyişiklik baş tutmayıb. Lakin idarəetmə sahəsində mövqe tutan “Mənim addımım”çılar dövlət vəsaiti hesabına özlərini dəbdəbəli şəkildə mükafatlandırmağa başlayıblar. Halbuki, Ermənistanda baş tutan hakimiyyət dəyişikliyindən sonra hələ də təqaüdlər artırılmayıb. Əlbəttə, gözlənirdi ki, bu, növbəti ildən başlayaraq 10% və ya 3-4 min dram həcmində baş tutacaq. Heç olmasa hakimiyyət bunu inqilabın ciddi nailiyyətlərindən biri hesab edə bilər. Lakin hakimiyyət dəyişikliyi baş verməsəydi belə, təqaüdlərin bu cür artımının baş verməyəcəyini düşünmək olmazdı. Çünki əvvəlki hakimiyyət artıq belə bir artımın əsasını qoymuşdu. Əksinə, indiki hakimiyyət əvvəlki hakimiyyətin həyata keçirməli olduğu proqramları bir qədər də təxirə salmış oldu. Keçmişdə də təqaüdlər vaxtaşırı artırılıb, lakin bunun kifayət edib-etmədiyi başqa bir mövzudur. Ermənistanda təqaüdlər həddindən artıq aşağıdır. Gözlənilən 10%-lik artımdan sonra vəziyyətin dəyişəcəyini gözləmək doğru deyil. Yenə də təqaüdlərin həcminin aşağı olması davam edəcək. Yeni hökumət bu sahədə böyük addım atmağa qadir olmadı. 15 aylıq baş nazirlik dönəmində Nikol Paşinyan cəmiyyətin bu hissəsinin sosial vəziyyətinin yüngülləşdirilməsi üçün, demək olar ki, heç bir şey etməyib. Belə ki, cəmiyyətin həmin hissəsi bundan sonra da keçmişdə olduğu kimi pis şəraitdə yaşamağa davam edəcək. İnqilabın 15 aylıq hakimiyyəti dövründə Ermənistandakı qiymətlər aşağı düşmədən qalmaqda davam edir. Bir tərəfdən cəmiyyətin gəlirləri artmayıb, digər tərəfdən hər tərəfdə bahalaşma baş verib. İlkin tələbat mallarının qiymət artımı bəzən 60-70%-ə çatır. Bu da sosial gərginliyi artırır. Cəmiyyətin hökumətin fəaliyyətindən narazılığı təsadüfi deyil. Bu məsələ keçmiş hakimiyyət üzvlərinin revanş ambisiyaları kimi təqdim edilməyə çalışılsa da, sosial vəziyyətin ölkədə yaxşılaşmadığı fakt olaraq qalır. İnsanların işləməyə və ailə saxlamağa imkanı yoxdur”.
Məsələyə eyni prizmadan yanaşan “Jamanak” qəzeti isə yazır ki, Ermənistan hökumətinin son 1 illik fəaliyyətinin xüsusiyyətləri təhlil edilməyə çalışılsa, bu halda 3 əsas yanaşma üzərində dayanılacaq: “Bu yanaşmalar qısamüddətli populist qərarların verilməsi, statistika manipulyasiyası və plagiat fəaliyyətlərdir. Bu yanaşmanın sübutu təəssüfdoğurucu həqiqətdir. Paşinyanın rəhbərlik etdiyi kabinetin hətta 1 illik fəaliyyətdən sonra belə uzunmüddətli siyasi fəlsəfə və ideologiya yaradılması və bunun həyata keçirilməsi imkanlarına dair aydın strategiyası yoxdur. Strategiyanın olmaması, xüsusilə özünü son günlərdə Ermənistanın şimal-şərqində meşə oğurluğu probleminin partlayışa səbəb olması ilə büruzə verdi. Bu hadisə dövlət üçün ciddi imtahan idi və ölkəni idarə edən komanda bu imtahandan keçmədi. Problem və onun ətrafında yaranan mübahisələr fonunda Paşinyan kabinetinin məişət mühitinin qorunması və ətraf mühitin problemləri ilə bağlı strategiyasının olub-olmadığı müəyyən edilmədi. Sanki belə bir strategiya ümumiyyətlə yoxdur və hökumət siyasi məqsədyönlülük və maraqlara əsasən ayrı-ayrı problemlərə reaksiya verir. İcevan meşələrinə gəldikdə, kəskin reaksiya verilməsi məqsədəuyğun olsa da, Amulsar mədəni məsələsində fəaliyyətsiz sükut davam edir. Birinci halda meşə ilə bağlı məsələdə dövləti şantaj etmək olmaz deyilirsə, ikinci halda dövləti nəinki şantaj etmək, hətta buna həvəsləndirməyin də mümkün olduğu nəzərə çarpır. Bu məntiqlə Ermənistan hakimiyyətinin fəaliyyəti reytinqin xilas edilməsi səylərinə doğru dəyişikliyə uğrayıb. Bu cəmi bir nümunədə göstərilsə də, sözsüz ki, problem bütün sahələrdə - təhsildən tutmuş mədəniyyətə, o cümlədən iqtisadiyyatadək - mövcuddur. Hakimiyyət komandasının əsas məqsədi yüksək reytinqi necə qoruyub saxlamaqdan ibarətdir. Hakimiyyət istənilən yolla fasiləsiz olaraq öz reytinqini xilas etmək, xalqı tərif və minnətdarlığın bitmədiyi atəşfəşanlığa cəlb etmək istəyir. Məsələ görülən işlər deyil, bu işlərin ətrafında qaldırılan süni hay-küy, heç bir əsası olmayan populizm və lovğalıqdır”. Məhz bu durumdan maksimal dərəcədə faydalanmağa çalışan “Qarabağ klanı” üçün əsas məqsəd indi xalqı hakimiyyətə qarşı ayağa qaldırmaq və ölkədə yeni inqilab təşkil etməkdir.
Tahir TAĞIYEV