Rusiya Xarici İşlər Nazirliyində Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı digər münaqişələrlə məşğul olan diplomat dəyişir. Bu vəzifəyə Rusiyanın Ermənistandakı keçmiş səfirinin təyin olunacağı gözlənir.
Rusiya mətbuatı yazır ki, indiyədək bu münaqişələrlə məşğul olan xarici işlər nazirinin müavini Qriqori Karasin Federasiya Şurasının üzvlüyünə namizəd göstərilib. Onun yerini kimin tutacağı isə faktiki olaraq müəyyənləşib. Belə ki, XİN-də yüksək posta hazırda üç nəfərin namizədliyi nəzərdən keçirilir. Onların içərisində əsas namizəd XİN-in konsulluq departamentinin rəhbəri İvan Volınkindir. 60 yaşlı Volınkin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunudur, SSRİ-nin və sonradan Rusiyanın ABŞ, Yuqoslaviya, Gürcüstan, Serbiya və Monteneqro, Makedoniyadakı səfirliklərində işləyib.
2009-2013-cü illərdə xarici işlər naziri Sergey Lavrovun köməkçisi, nazirliyin baş katibliyinin direktor müavini olub. 2013-2018-ci illərdə isə Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri işləyib.
Təcrübəli diplomat Qriqori Karasinin Federasiya Şurası üzvlüyünə namizədliyini Saxalin vilayətinin qubernatoru irəli sürüb. Avqust ayında onun 70 yaşı tamam olur. Karasinin uzun illərdir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqları, o cümlədən, Dnestryanı münaqişəni,
Belarusla müntəzəm olaraq baş qaldıran ticarət müharibəsini kurasiya edib. Rusiya XİN-də bu istiqamətdə işin spesifikası ondan ibarətdir ki, həmin ölkələrlə bağlı qərarlar əsasən nazirlikdə deyil, Kremldə qəbul edilir.
Rusiya XIN-də Dağlıq Qarabağ problemi ilə məşğul olan məsul bir vəzifənin uzun müddət Ermənistanda səfir işləmiş şəxsə həvalə olunması nəyi dəyişə bilər və bizim üçün bunun xeyirli-ziyanlı tərəfləri nədən ibarət olar?
Nəzakət Məmmədova: “Ayrı-ayrı şəxslərin mövqeyi heç nəyi dəyişmir”
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, belə kiçik yerdəyişmələr Rusiyanın ümumi siyasi kursuna təsir etmək gücündə deyil: “Həmin vəzifədə kimin olmasından asılı olmayaraq, bu şəxs Rusiya dövlətinin ümumi strateji siyasətinin icraçısı funksiyasını həyata keçirəcək. Rusiyanın Cənubi Qafqaza, Ermənistana yönəlik siyasəti nədirsə, yeni təyin olunan şəxs də onu davam etdirəcək. Üstəlik, nəzərə alsaq ki, həmin şəxsin naziri erməni mənşəli Lavrovdur, hansı namizədin olmasının xüsusi bir əhəmiyyəti yoxdur. Həmin şəxs, ən yaxşı halda, Azərbaycana münasibətdə neytral ola bilər. Bizim ücün ən pisi Rusiya dövlətinin Ermənistanı dəstəkləməsidir ki, bu hal 200 ildən çoxdur davam edir. XİN rəhbəri Lavrov olduğu halda, həmin nazirlikdə Dağlıq Qarabağ münaqişəsi və keçmiş sovet respublikalarındakı münaqişələrlə məşğul olan diplomatın şəxsi mövqeyi əhəmiyyət kəsb etmir.
Bizim üçün ən arzuolunmaz ssenari Rusiyanın Ermənistanı dəstəkləməsinin davam etməsi və bu geostrategiyanın başında duranlardan birinin Lavrov olmasıdır. Onun tabeliyindəki bütün rusiyalı diplomatlar da nazirin əmr və göstərişlərindən kənara çıxa bilməzlər. Rusiyanın Azərbaycana, Qarabağ münaqişəsinə münasibətinin dəyişməsi üçün onun ümumi strategiyası dəyişməlidir. Ayrı-ayrı şəxslərin mövqeyi heç nəyi dəyişmir”.
Məhəmmədəli QƏRİBLİ